Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyasında təlim keçən hakimliyə namizədlər Azərbaycanda təlim səfərində olublar
24.04.2026Cari ilin 13-24 aprel tarixlərində Qazaxıstan Respublikası Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyasında təlim keçən 59 hakimliyə namizədə (26-na onlayın formada) azərbaycanlı hakimlər tərəfindən müxtəlif mövzulara dair təlimlər keçirilib.
Təlim çərçivəsində namizədlərə məhkəmə fəaliyyətinin müstəqilliyi və təşkili əsasları, hüququn müxtəlif sahələri, hüquqi yazı bacarıqları, habelə hakim etikası üzrə mövzular tədris edilib.
Təlimlərlə yanaşı, namizədlər məhkəmələrdə işlərə baxılması qaydası ilə tanış olmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə və Sumqayıt Məhkəmə Kompleksinə səfər edərək məhkəmələrin fəaliyyətini yerində müşahidə ediblər. Səfər çərçivəsində iştirakçılara həmçinin “Elektron məhkəmə” informasiya sisteminin funksional imkanları barədə ətraflı məlumat verilib.
Ümumilikdə, təlim səfəri Azərbaycan və Qazaxıstan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə, bu sahədə milli və beynəlxalq qabaqcıl təcrübələrin mübadiləsinə, eləcə də hakimliyə namizədlərin peşəkar inkişafına mühüm töhfə verib.
Göstərilən platformalarda paylaş: