ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Tarixi

Azərbaycanda məhkəmə-hüquq sisteminin tarixi

 

Azərbaycanda məhkəmə-hüquq sisteminin tarixini şərti olaraq aşağıdakı dövrlərə ayırmaq mümkündür: qədim dövr, erkən orta əsrlər dövrü, orta əsrlər dövrü, rus işğalı dövrü, Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Sovet hakimiyyəti dövrü və müstəqil Azərbaycan dövlətçiliyinin bərpası dövrü.

Məhkəmə qədim Azərbaycan dövlətlərinin idarəetmə mexanizmində mühüm rol oynamışdır. Manna dövlətində ali məhkəmə hakimiyyəti şaha məxsus idi. Onun yanında “Databara” (Yeddilər Şurası) adlı ədalət divanı fəaliyyət göstərirdi. Məhkəmə fəaliyyəti həmçinin “Maqlar Şurası” adlı beş nəfərdən ibarət ali kahin-hakimlər tərəfindən də həyata keçirilirdi.

Midiya və Atropatena ərazisində mövcud olan məhkəmə və mühakimə icraatı barədə Avesta qanunlarında müəyyən normalara rast gəlinir. Hökmdarın özünün başçılıq etdiyi yüksək məhkəmə yerli məhkəmələrin işinə və onların çıxardığı qərarların düzgünlüyünə nəzarət edirdi. Bu dövrdə qədim arbitraj – məhkəməyəqədər münsiflər baxışı insitutunun bəzi elementlərinə də rast gəlinir.

Erkən orta əsrlər dövrünün Qafqaz Albaniyasında xristianlığın yayılmasından sonrakı məhkəmə sistemi iki pillədən ibarət idi: kilsə məhkəmələri və saray məhkəmələri. Kilsə yurisdiksiyasının instansiyaları keşiş məhkəməsi və yepiskop məhkəməsi idi. Həmin məhkəmələrin işlərə baxılması üzrə aidiyyət məsələsi Aquen kanonlarında dəqiq müəyyən edilmişdi. Kilsə məhkəmələri kilsə xidmətçiləri və qulluqçularının qeyri-qanuni əməlləri və sadə camaatın dini vəzifələrini pozması ilə bağlı məsələlərə baxırdı. Saray məhkəmələrinin baxdığı işlərə ailə-nikah işləri, adamöldürmə, habelə törədilməsinə görə ölüm cəzası nəzərdə tutulan və o dövr üçün ən ağır hesab edilən digər cinayətlər aid idi. Azərbaycanın cənub hissəsində də dini və dünyəvi məhkəmələr fəaliyyət göstərirdilər.

Ərəb xilafəti dövründə Azərbaycan ərazisində də məhkəmə orqanları sistemi təşkil edilmiş, yerlərdə ədalət mühakiməsini həyata keçirən və ikili funksiya daşıyan qazı vəzifəsi yaradılmışdı. Adətən iş şifahi surətdə, camaat qarşısında, heç bir rəsmiyyətə yol verilmədən təhqiq edilir və onun qəti nəticəsi bütünlüklə qazıdan asılı olurdu. Qazı-əl-qüzzat (baş qazı) və yerlərdə təşkil edilmiş məhkəmələrə başçılıq edən qazılar dövlət başçısı tərəfindən bu vəzifəyə təyin və ya təsdiq edilirdi. Yerli qazılar ikiqat tabeçilikdə idilər: bir tərəfdən onlar əmir başda olmaqla yerli hakimlərə, digər tərəfdən isə qazı-əl-qüzzat başda olmaqla mərkəzi məhkəmə orqanlarına və ali məhkəmə instansiyası kimi xəlifəyə tabe idilər.

X-XII əsrlərdə Azərbaycan ərazisində mövcud olan dövlətlərdə məhkəmə sistemində dövlət məhkəmələri və şəriət məhkəmələri mühüm yer tuturdular. Dövlət başçısı məhkəmə üzərində ali nəzarətçi funksiyasına malik olsa da, özü az hallarda məhkəmə səlahiyyətlərindən istifadə edirdi. Vilayətdə dünyəvi məhkəmə hakimiyyəti valiyə məxsus idi. Şəhərlərdə valinin adından məhkəmə hakimiyyətini rəislər həyata keçirirdilər. Dünyəvi məhkəmələrlə müqayisədə şəriət məhkəmələrinin yurisdiksiyası daha geniş idi. Bu da öz növbəsində islam dininin dövlətdə malik olduğu hakim mövqe ilə xarakterizə edilir. Bu məhkəmələrə şəriət hakimləri – qazılar başçılıq edirdi. Dövlətdə baş qazı vəzifəsi mövcud idi ki, o, şəriət məhkəmələri sisteminə başçılıq edir, məhkəmələrin və qazıların fəaliyyətinə nəzarət edirdi. Baş qazı ilə yanaşı dövlətin hər bir şəhərinin, mahal və kəndinin özünün qazıları mövcud idi. Qazılar əksər hallarda hökmdar tərəfindən bu vəzifəyə təyin və təsdiq edilirdilər.

XIII-XIV əsrlərdə Elxanilər dövlətinin dövlət quruluşu sistemində məhkəmələr böyük rol oynayırdılar. İslahataqədərki dövrdə Elxanilər dövlətində ikili məhkəmə strukturu mövcud idi: monqol əyanları və qoşun üçün olan yarğu məhkəmələri və müsəlman əhali üçün hələ əvvəllərdən mövcud olan müsəlman məhkəmələri. Yarğu məhkəmələrinin tərkibinə hökmdarın özü tərəfindən təyin edilən yarğuçular – hakim üzvlər daxil idi. Qazan xanın hakimiyyətə gəlməsi ilə yarğu məhkəmələri demək olar ki, ləğv edildi. Məhkəmə fəaliyyəti tamamilə bütün dövlətin baş qazısı – qazı-əl-qüzzat və onun tabeliyində olan qazılar tərəfindən həyata keçirilirdi. Qazılar iki qrupa bölünürdü: dünyəvi qazılar, yəni dövlət tərəfindən təyin edilənlər və ruhani qazılar. Qazılar ədalət mühakiməsini müsəlman hüququ əsasında həyata keçirirdilər.

Məhkəmə orqanları Azərbaycan Səfəvilər dövlətinin mürəkkəb və çoxşaxəli strukturunda mühüm yer tuturdu. Məhkəmə sistemi ilə sıx təmasda olan hüquqi məsələlər iki hissəyə bölünürdü: birincisi ürfi, yəni cinayət, ikincisi isə şəri hüquq adlanırdı. Ürfi hüquqa aid məsələlərlə divanbəyi, bəylərbəyi, darğa (onlar ayrıca olaraq ağır cinayətlər üzrə ixtisaslaşmış məhkəmə orqanını təmsil edirdilər), şəri hüquqa aid məsələlərlə isə başda sədr olmaqla şeyxülislam və qazı, yəni şəri hakimlər məşğul olurdular. Səfəvilər dövründə Azərbaycanda dünyəvi məhkəmələr, şəriət məhkəmələri fəaliyyət göstərirdilər.  Dünyəvi məhkəmə fəaliyyəti dövlətin Ali divanı (həm də Ədalət divanı) tərəfindən həyata keçirildi. Məhkəmə divanxanasına divanbəyi rəhbərlik edirdi. O, şah tərəfindən bu vəzifəyə fərmanla təyin olunurdu və ölkənin bütün məhkəmələrinin ali rəisi idi. Şəriət məhkəmələri isə sədrin, qazı-ül qüzzatın, qazının başçılığı ilə şəri hüquqa aid məsələlərin həll edilməsi ilə məşğul idi.

XVIII əsrin birinci yarısında Azərbaycanın məhkəmə sistemindəki dəyişikliklər bu və ya digər ərazinin hansı dövlətin tabeliyində olmasından asılı olaraq aparılırdı. Belə ki, müvəqqəti olaraq Osmanlı və Rusiya dövlətlərinin hökmranlığı altında olan ərazilərdə ədalət mühakiməsinin aparılmasında müəyyən qədər fərqliliklərə təsadüf olunurdu. Belə ki, bəzi hüquq pozuntuları, xüsusən də dövləti cinayətlər, maliyyə pozuntuları, həmin dövlətlərin müəyyən etdiyi qaydalara müvafiq surətdə araşdırılaraq həll olunurdu və bu halda məhkəmə fəaliyyəti daha çox inzibati məmurlar tərəfindən həyata keçirilirdi. Bütün digər hallarda, həmçinin Əfşarilərin hakimiyyəti dövründə bu sahədə ciddi dəyişikliklərə təsadüf olunmur.

Xanlıqlar dövründə məhkəmə fəaliyyətini tənzimləyən normalara Car-Tala Qanunnaməsində rast gəlinir. Qanunnamədə məhkəmə faliyyətini həyata keçirən orqanların - qazı məhkəmələri, ürfi məhkəmələr və Ali divanın movcudluğu barədə məlumat veririlir. Camaatlığın hakimiyyət nümayəndələrinin yığıncağı sayılan Divan, həm də ikinci məhkəmə instansiyası qismində çıxış edirdi. İlkin məhkəmə instansiyası qismində qazı və ürfi məhkəmələri çıxış edirdi. Məhkəmə prosesinin fiqhə və adətlərə uyğun olaraq keçirilməsi nəzərdə tutulurdu.

XIX əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən Azərbaycan ərazisinin ələ keçirildiyi vaxtadək baş verən hüquq pozuntularına - cinayət işlərinə, eləcə də mülki-hüquqi mübahisələrə şəriət məhkəmələrində baxılırdı. Şəriət məhkəmələri ilə yanaşı, bəylər və ağalar da məhkəmə-polis funksiyalarına malik idi. Sonradan şəriət məhkəmələrinin və dünyəvi (feodal) məhkəmələrin yurisdiksiyası əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı. 8 aprel 1831-ci il tarixli fərmanla dini məhkəmələrin yurisdiksiyası mülki işlərə baxmaqla məhdudlaşdırıldı.

21 yanvar 1811-ci il tarixli hərbi məhkəmələr yaradılmışdı. Dövlətə xəyanət, sərhədi qanunsuz keçmə, düşmən tərəfinə keçmə, dövlətin müəyyən etdiyi qaydaların əleyhinə çıxış etmə kimi cinayətlərə baxılması, habelə yüksək rütbəli məmurların və yerlərdəki hakimiyyət nümayəndələrinin həyat və sağlamlığına qarşı qəsdlər ağır cinayət sayılır və onlar hərbi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilirdi.

1840-cı il inzibati-məhkəmə islahatına uyğun olaraq bütün qəzalarda qəza məhkəmələri, quberniya və vilayətdə isə cinayət və mülki işlər üzrə məhkəmə palataları yaradılmışdı. Cinayət işləri hərbi-məhkəmə komissiyalarının icraatından tamamilə götürülmüşdü və onlara özləri istintaq aparmağa səlahiyyətli olan qəza məhkəmələrində baxılırdı. Qəza məhkəmələri mülki-hüquqi mübahisələrə də baxırdılar. Belə mübahisələrin həlli üçün birinci instansiya qəza məhkəmələri, ikinci instansiya quberniya və ya vilayət cinayət və mülki işlər üzrə məhkəmə palataları, ali məhkəmə instansiyası isə Hökumət Senatı idi. 1846-cı ildə yeni inzibati bölgüyə uyğun olaraq qəza məhkəmələrinin, cinayət və mülki işlər üzrə məhkəmə palatalarının əvəzinə hər bir quberniyada quberniya məhkəməsi təsis edildi.

1868-ci ilin fevralın 19-da Azərbaycan ərazisində – Bakı və Gəncə quberniyalarında yeni məhkəmə idarələri – dairə və barışıq məhkəmələri fəaliyyət başladı. Azərbaycan quberniyalarında 23 avqust 1866-cı, 31 iyul 1867-ci və 12 aprel 1870-ci illərdə kənd cəmiyyətləri haqqında qəbul edilmiş xüsusi qanunlar əsasında kənd məhkəmələri də fəaliyyət göstərirdi. Bu məhkəmələr kənd icması üzvləri tərəfindən digər zümrələrin iştirakı olmadan öz zümrələrindən olan şəxslərə münasibətdə törədilmiş xırda cinayətlərə, habelə qanunla onların səlahiyyətinə aid edilmiş mülki-hüquqi mübahisələrə baxıb onları həll edirdilər.

1864-cü il məhkəmə islahatının tətbiqi nəticəsində Azərbaycan ərazisində yaradılmış barışıq və dairə məhkəmələri XX əsrin əvvəllərində məhdud formada olsa da, öz funksiyalarını həyata keçirməkdə davam edirdilər. 1906-cı ilin avqustunda hərbi-səhra məhkəmələri təsis edildi. 1907-ci ilin aprelində hərbi-səhra məhkəmələri formal olaraq ləğv olundu, faktiki olaraq isə onların funksiyalarını hərbi dairə məhkəmələri davam etdirirdi. Oktyabr çevrilişindən sonra Bakı quberniyasının əvvəlki məhkəmə sistemi ləğv olundu. Yeni təsis olunan qəza və mahal məhkəmələri daimi fəaliyyət göstərən hakimdən və iki iclasçıdan ibarət idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan hökuməti Bakıya köçürüldükdən sonra məhkəmə aparatının yenidən qurulması işinə başlanıldı. Hökumət 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Kommunası dövründə təsis edilmiş bütün məhkəmə və istintaq orqanlarını ləğv etdi. Bakı Dairə Məhkəməsi ona tabe olan idarələrlə birlikdə bərpa edildi. Nazirlər Şurası tərəfindən 14 noyabr 1918-ci ildə təsdiq edilən Əsasnamə ilə Azərbaycan Məhkəmə Palatası təsis edildi. Bu Palata iki departamentdən – mülki və cinayət işləri üzrə departamentlərdən ibarət olmalı idi. Palata apellyasiya məhkəməsi statusuna malik idi. Məhkəmə Palatası daha mühüm cinayət işləri üzrə (dövlət və vəzifə cinayətləri) birinci instansiya məhkəməsi kimi çıxış edirdi. 1919-cu il mart ayının 16-da Bakı Dairə Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı oldu və həmin tarixdən Palata fəaliyyətə başladı. 1919-cu ilin əvvəllərində Azərbaycanda milli ordu hissələrində  quruculuq işlərinin sürətlənməsi ilə əlaqədar olaraq hərbi məhkəmələrin də qurulmasına başlanıldı. Parlament tərəfindən 1919-cu ilin aprelin 14-də “Azərbaycan Cümhuriyyətində Hərbi Məhkəmə hissəsinin quruluşu haqqında” müvəqqəti əsasnamə qəbul edildi. 1920-ci ilin mart ayında Ali Məhkəmənin funksiyalarını yerinə yetirəcək bir orqan – “Azərbaycan Senatı haqqında” Əsasnamənin layihəsi hazırlanaraq parlamentə təqdim edildi. Cümhuriyyət dövründə kənd məhkəmələri də fəaliyyət göstərirdi.

1920-1936-cı illərdə sosializm prinsipləri əsasında məhkəmə sisteminin təşkilinə başlanıldı. Həmin dövrdə “Xalq məhkəmələri haqqında” Əsasnamə qəbul edildi. Həmin Əsasnamə ilə yeni məhkəmə orqanlarının təşkili və fəaliyyəti tənzimlənirdi. Azərbaycan ərazisində yaradılan xalq məhkəmələri əksinqilabi və bir sıra xüsusi təhlükəli cinayətlər istisna olmaqla bütün cinayət və mülki işlərə baxırdılar. Kassasiya instansiyası qismində respublikanın bütün xalq hakimləri tərəfindən seçilən Xalq Hakimləri Şurası fəaliyyət göstərirdi. Bu dövrdə Azərbaycanda məhkəmə orqanları sisteminə xalq məhkəmələri ilə yanaşı inqilabi tribunallar da daxil idi. Tribunal respublikada baş verən, sosialist quruluşu üçün və onun nailiyyətləri üçün təhlükə törədən, habelə orduda qarışıqlıq məqsədi güdən və onun zəifləməsinə səbəb olan əməllərə baxılması üçün təsis edilmişdi. Bakıda və Gəncədə quberniya inqilabi tribunallarının təşkilindən sonra Ali İnqilabi Tribunal kassasiya funksiyasını daşımağa başladı. Bu dövrdə Ali Tribunalla yanaşı Hərbi-səhra Tribunalı, Hərbi-dəmiryolu Tribunalı, Ordunun İnqilabi Tribunalı, Xəzər dəniz Tribunalı kimi məhkəmə orqanları da fəaliyyət göstərirdi.

9 dekabr 1922-ci ildə “Azərbaycan SSR-nin məhkəmə quruluşu haqqında” Əsasnamə qəbul edildi və Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 13 fevral 1923-cü il tarixli qərarlarına əsasən vahid məhkəmə sistemi yaradıldı. Bu vahid məhkəmə sisteminə xalq məhkəmələri, mahal xalq məhkəmələri və Azərbaycan SSR Ali Məhkəməsi daxil edildi. Respublikanın bütün məhkəmə orqanlarının fəaliyyətinə Azərbaycan SSR Ali Məhkəməsi nəzarət edirdi.

1937-ci il Konstitusiyasının məhkəmə haqqında müddəaları özündə əks etdirən 10-cu fəsli məhkəmələrin dövlət orqanları sistemində yerini, onların təşkili prinsiplərini, səlahiyyətləri məcmusu və fəaliyyət formalarını müəyyən edirdi. Məhkəmə idarəçilik vəzifəsi bütünlükdə respublika Ədliyyə Komissarlığının səlahiyyətinə verilmişdi. Ədliyyə Komissarlığı sistemindən tamamilə ayrılan Ali Məhkəmə respublikanın məhkəmə orqanlarının fəaliyyətinə məhkəmə nəzarətini yerinə yetirməyə başladı. Vahid məhkəmə sistemi ümumi məhkəmələrlə yanaşı xüsusi məhkəmələri də əhatə edirdi. Xüsusi məhkəmələrə hərbi tribunallar, dəmiryol nəqliyyatı xətt məhkəmələri, su nəqliyyatı məhkəmələri aid edilirdi. 1953-cü ildə Azərbaycan dəmiryol nəqliyyatı məhkəmələri Xəzər su hövzəsi məhkəmələri ilə birləşdirilərək vahid nəqliyyat məhkəmələri təşkil edildi. 1959-cu ilin dekabrın 7-də Azərbaycan SSR Ədliyyə Nazirliyi ləğv edildikdən sonra onun məhkəmə idarəçilik funksiyası Ali Məhkəməyə həvalə olundu.

9 oktyabr 1961-ci ildə qəbul edilmiş “Yoldaşlıq məhkəmələri haqqında” Əsasnaməyə görə yoldaşlıq məhkəmələri azı 50 nəfərdən ibarət işçisi olan müəssisə, idarə və təşkilatlarda, ali məktəblərdə, orta ixtisas məktəblərində, kolxozlarda, məhəllə komitələrinin birləşdiyi evlərdə, kənd yaşayış məntəqələrində və qəsəbələrdə yerli sovetlərin icraiyyə komitələrinin razılığı ilə müvafiq ümumi yığıncaqların qərarı ilə yaradılırdı. Əsasən bir il müddətinə seçilən bu məhkəmələr əmək intizamının pozulması, əxlaqa uyğun gəlməyən və s. ictimai qaydalara zidd əməllər haqqında işlərə baxırdılar. 27 oktyabr 1972-ci ildə Ədliyyə Nazirliyinin yenidən yaradılmasından sonra məhkəmə idarəçilik funksiyası Ali Məhkəmədən alınaraq Ədliyyə Nazirliyinə verildi.

17 may 1988-ci il tarixdə Respublika Nazirlər Soveti tərəfindən “Azərbaycan SSR-də dövlət arbitraj orqanları haqqında” Əsasnamə qəbul edildi. Əsasnaməyə müvafiq olaraq müəssisə və kooperativlərin hüquqlarının müdafiəsi işində dövlət arbitrajının səlahiyyəti bir qədər genişləndirildi.

26 iyun 1990-cı il tarixli “Azərbaycan SSR məhkəmə quruluşu haqqında” Qanun məhkəmə sisteminin təkmilləşdirilməsini və bir sıra yenilikləri nəzərdə tuturdu. Qanun yenilik olaraq yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlər haqqında işlər üzrə, habelə qanunla on ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası, yaxud ölüm cəzası nəzərdə tutulmuş cinayət işləri üzrə müttəhimin təqsirliliyi məsələsinin qanunvericiliklə müəyyən edilmiş qaydada andlılar məhkəməsi (xalq iclasçılarının geniş kollegiyası) tərəfindən həll olunmasını müəyyən edirdi.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra  90-cı illərin sonuna qədər Azərbaycanda ümumi məhkəmələrin strukturu və tərkibi əvvəlki qaydalara, yəni 26 iyun 1990-cı il tarixli Qanuna əsaslanırdı. Məhkəmə orqanlarının əsas həlqəsi rayon (şəhər) məhkəmələri idi. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildiyindən vilayət məhkəməsinin də fəaliyyətinə xitam verilmişdi. Bakı Şəhər Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi əvvəlki tərkibdə fəaliyyət göstərirdilər. Ali Məhkəmənin tərkibində cinayət və mülki kollegiyalarla yanaşı hərbi kollegiya da yaradılmışdı. 25 fevral 1992-ci il tarixdə “Arbitraj məhkəmələri haqqında” Qanun qəbul edildi. Həmin Qanunla əvvəllər dövlət arbitrajı adlanan qurum məhkəmə orqanına çevrildi. Yeni yaradılan Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Arbitraj Məhkəməsi, şəhər, bölgə və bölgələrarası arbitraj məhkəmələri respublikanın arbitraj məhkəmələrinin vahid sistemini təşkil edirdi. Azərbaycanın vahid məhkəmə sisteminə respublikanın silahlı qüvvələrində fəaliyyət göstərən hərbi tribunallar da daxil idi.

1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasına əsasən 10 iyun 1997-ci ildə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanunla Azərbaycanda üçpilləli məhkəmə sistemi formalaşdırılmışdır. Bu sistem əsasında yaradılmış apellyasiya instansiyası məhkəməsi 2000-ci ildən etibarən fəaliyyətə başlamışdır. 19 yanvar 2006-cı il tarixdə məhkəmə sisteminin təkmilləşdirilməsi çərçivəsində regional apellyasiya məhkəmələri yaradıldı və bu məhkəmələr 16 iyul 2007-ci ildən fəaliyyətə başladı. Müstəqil Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi statusu, məhkəmə sistemində yeri və rolu 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən olunmuşdur. Konstitusiyanın 131-ci maddəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin ali məhkəmə orqanı kimi təsbit olunması onun yüksək hüquqi statusundan irəli gəlir.

Ölkəmizdə aparılan islahatlar nəticəsində əsasən hakimlərdən formalaşmaqla 15 üzvdən ibarət olan yeni təsisat – məhkəmə hakimiyyətinin özünüidarə оrqanı оlan Məhkəmə-Hüquq Şurası təşkil оlunmuş və 2005-ci ilin fevral ayından fəaliyyətə başlamışdır. Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

“İnzibati icraat haqqında” Qanunun və İnzibati Prosessual Məcəllənin qəbul edilməsi ilə Azərbaycanda ilk dəfə inzibati ədalət mühakiməsi institutu formalaşdırılmış və 2011-ci ildən etibarən regional inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2019-cu il tarixdə imzaladığı Fərmanla məhkəmə islahatları müasir çağırışlara uyğun olaraq yeni mərhələyə qədəm qoymuşdur. Fərmanın icrası çərçivəsində bir çox institusional islahatlarla yanaşı məhkəmə sistemində də dəyişikliklər edilmiş, 2019-cu ildə inzibati-iqtisadi məhkəmələrin bazasında inzibati və kommersiya məhkəmələri yaradılmış və 2020-ci ildən fəaliyyətə başlamışdır. Rəqəmsal inqilab məhkəmə sisteminə də öz təsirini göstərmiş, Azərbaycanda elektron məhkəmə icraatı tətbiq olunmağa başlanılmış və 2023-cü ildə respublikanın bütün məhkəmələrində “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqinə nail olunmuşdur.

 

Qeyd: Məlumatın hazırlanmasında X.C.İsmayılovun “Azərbaycanın hüquq tarixi” kitabından istifadə edilmişdir.