Hakimlər Özbəkistanda beynəlxalq təlimdə iştirak ediblər
05.11.2026Cari ilin 2–4 noyabr tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində “Yeni nəsil ədalət mühakiməsi: süni intellekt, rəqəmsal etimad və məhkəmə sistemlərinin kiberdavamlılığı” mövzusunda beynəlxalq təlim keçirilib.
Özbəkistan Respublikasının Ədliyyə Akademiyasının təşkilatçılığı ilə keçirilən təlimdə Şirvan Apellyasiya Məhkəməsi sədrinin müavini Samir Həsənov, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sədri Elçin Mehdiyev və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədli, həmçinin Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın məhkəmə hakimiyyətinin nümayəndələri də iştirak edib.
Üç gün davam edən təlim çərçivəsində ədalət mühakiməsində süni intellekt texnologiyalarının tətbiqi, elektron sübutların əldə edilməsi və qiymətləndirilməsi, rəqəmsal kriminalistika, kibercinayətkarlıqla mübarizə, blokçeyn texnologiyaları və kriptoaktivlərlə bağlı hüquqi məsələlər, habelə məhkəmə sistemlərinin rəqəmsallaşdırılması və informasiya təhlükəsizliyinin təmin olunması mövzularında müzakirələr aparılıb, beynəlxalq təcrübə mübadiləsi həyata keçirilib.
Əlavə olaraq, səfər çərçivəsində Özbəkistan Respublikasının Ali Məhkəmə sədrinin müavini Akram Şükürovun iştirakı ilə keçirilən görüşdə məhkəmə sisteminin rəqəmsallaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib, elektron məhkəmə sisteminin imkanları nümayiş etdirilib.
Beynəlxalq təlim və keçirilən görüşlər məhkəmə fəaliyyətində müasir texnologiyaların tətbiqi üzrə qabaqcıl təcrübənin öyrənilməsi, hakimlərin peşəkar biliklərinin artırılması və məhkəmə orqanları arasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.
Göstərilən platformalarda paylaş: