ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Haqqında

Haqqında

Hakimlərin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər əsasında Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılaraq formalaşdırılmış, xarici ekspertlərin rəyləri və mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla Məhkəmə-Hüquq Şurası tərəfindən Hakimlərin Qiymətləndirilməsi Kоmitəsi haqqında Əsasnamə və Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası hazırlanmışdır.

Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən hər instansiyadan 3 hakim olmaqla (Azərbaycan Respublikası Ali Məhkəməsinin üç hakimi, apellyasiya instansiyası məhkəmələrinin üç hakimi, birinci instansiya məhkəmələrinin üç hakimi)  9 hakim üzvdən ibarət tərkibdə formalaşdırılır.

Hakimlərin fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların peşəkarlıq səviyyəsini müəyyən etməyə imkan verən kəmiyyət (məhkəmə fəaliyyəti üzrə iş yükü və onun öhdəsindən gəlmək bacarığı) və keyfiyyət (məhkəmə aktlarının və məhkəmə proseslərinin idarə edilməsi keyfiyyəti, kommunikasiya bacarıqları, hakim etikası və intizamlılıq) göstəriciləri üzrə qiymətləndirilir.

Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların idarəçilik bacarıqlarını müəyyən etməyə imkan verən meyarlar (müvafiq məhkəmədə əmək və icra intizamına riayət edilməsi və işin təşkili vəziyyəti (məhkəmə statistikasının və arxiv işinin aparılması, kargüzarlıq qaydalarına əməl olunması, məhkəmə aparatına rəhbərliyin təşkili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi vəziyyəti, vətəndaşların qəbulu, müraciətlərə baxılması sahəsində məhkəmədə işin təşkili) üzrə qiymətləndirilir.

Hakimlərin fəaliyyəti məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri, Məhkəmə-Hüquq Şurası Aparatının, fəaliyyəti qiymətləndirilən hakimin, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi, apellyasiya instansiyası və birinci instansiya məhkəmələri sədrlərinin məlumatları və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya yönəldilən işlərin sayı nəzərə alınmaqla qiymətləndirilir. Hakimlərin fəaliyyəti qiymətləndirilərkən Məhkəmə-Hüquq Şurası üzvlərinin malik olduqları məlumatlardan istifadə oluna bilər. Hakimlərin Qiymətləndirilməsi Komitəsi hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə dair yekun rəy tərtib etməklə Məhkəmə-Hüquq Şurasına təqdim edir.

Hakimin fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunur:

  • hakimin fəaliyyəti yüksək qiymətləndirilir. Bu halda halda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin vəzifədə irəli çəkilməsi imkanı nəzərdən keçirilir.
  • hakimin fəaliyyəti qənaətbəxş qiymətləndirili. Bu halda halda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin tutduğu vəzifəyə uyğunluğu barədə qərar qəbul edilir.
  • hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar var. Bu halda halda, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrar, lakin bir ildən tez və iki ildən gec olmamaqla qiymətləndirilir. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir.

Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin inzibati səlahiyyətlərinin icrası üzrə fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunur:

  • fəaliyyəti qənaətbəxş qiymətləndirilir. Bu halda Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sədrinin, sədr müavininin və ya kollegiya sədrinin inzibati vəzifəyə təyinatı ilə bağlı təklifin verilməsi barədə qərar qəbul edilir.
  • fəaliyyətində peşəkar çatışmazlıqlar var. Bu halda Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sədrinin, sədr müavininin və ya kollegiya sədrinin tutduğu vəzifədə işləməyə uyğun olmaması barədə qərar qəbul edilir.