Haqqında
Məhkəmə-Hüquq Şurası Haqqında Qanuna 2024-cü ildə edilmiş dəyişikliyə əsasən məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası yaradılmış, Məhkəmə-Hüquq Şurasının 23.01.2025-ci il tarixli qərarı ilə “Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası haqqında Əsasnaməsi” təsdiq edilmişdir.
Əsasnaməyə əsasən Şuranın tərkibi (sədri və digər dörd üzvü) Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən müəyyən edilir. Apellyasiya Şurasının sədri Məhkəmə-Hüquq Şurasının üzvləri sırasından təyin edilir.
Apellyasiya Şurasının cari fəaliyyətinin təşkili üçün Apellyasiya Şurasının Katibliyi yaradılır. Katibliyin rəhbəri və tərkibi Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təsdiq olunur.
Apellyasiya Şurasının vəzifələri aşağıdakılardır:
Daxil olan şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, mahiyyəti üzrə baxılmış şikayətlərə dair əsaslandırılmış yazılı qərar qəbul etmək, mahiyyəti üzrə baxılmamış şikayətlərə dair şikayətçiyə yazılı məktub göndərmək;
Şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini), məhkəmə hakimiyyəti orqanının, Məhkəmə-Hüquq Şurası Aparatının və Dövlət İmtahan Mərkəzinin aidiyyəti vəzifəli şəxslərini Apellyasiya Şurasının iclaslarına dəvət etmək;
Apellyasiya Şurasının qəbul etdiyi qərarların icrasına nəzarət etmək;
Apellyasiya Şurasında baxılan şikayətlərin uçotunu aparmaq, onları təhlil etmək, ümumiləşdirmək və ildə iki dəfə (iyul ayının 15-dək və yanvar ayının 15-dək) Məhkəmə-Hüquq Şurasının sədrinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;
Fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
Qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;
Apellyasiya Şurasının qəbul etdiyi qərarlarla bağlı izah vermək;
Qanunla və Məhkəmə-Hüquq Şurasının aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Apellyasiya Şurasının iclası onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.