Azərbaycan nümayəndə heyəti Tacikistanda keçirilən “Məhkəmə ədalət mühakiməsi sistemində qadınlar: dialoq, inkişaf və ədalətlilik” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir
17.07.20262026-cı il 15–16 iyul tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Tacikistan Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Məhkəmə ədalət mühakiməsi sistemində qadınlar: dialoq, inkişaf və ədalətlilik” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Konfransda Azərbaycan məhkəmə sistemindən nümayəndə qismində Bakı Apellyasiya Məhkəməsinin hakimi Nigar Nəbizadə və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Qafarova iştirak etmişdir.
Tədbir çərçivəsində iştirakçılar gender yönümlü ədalət mühakiməsinin inkişafı, məhkəmə sisteminin rəqəmsallaşdırılması, həssas şəxslərin ədalət mühakiməsinə çıxışının təmin edilməsi, ayrı-seçkilik və gender əsaslı zorakılıqla bağlı işlərə baxılması, habelə qadın hakimlərin peşəkar potensialının gücləndirilməsi məsələləri üzrə fikir və təcrübə mübadiləsi aparmışlar.
Konfrans çərçivəsində Bakı Apellyasiya Məhkəməsinin hakimi Nigar Nəbizadə “Laqeydlik olmadan qərəzsizlik: həssas şəxslərin iştirakı ilə baxılan işlərdə hakimin müasir rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. Çıxış zamanı həssas şəxslərin ədalət mühakiməsinə çıxışının təmin olunması, qərəzsizlik prinsipinin praktik tətbiqi, prosessual bərabərlik, stereotiplərin məhkəmə qərarlarına təsiri, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi və məhkəmə təcrübəsi barədə məlumat verilmişdir.
Göstərilən platformalarda paylaş: