Məhkəmə-Hüquq Şurasının nümayəndəsi Portuqaliya Respublikasında səfərdə olub
30.10.2025“Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində Məhkəmə-Hüquq Şurasının, ədliyyə və xarici işlər nazirliklərinin, və Mediasiya Şurasının nümayəndələrindən ibarət heyət Portuqaliya Respublikasında səfərdə olublar.
Tədbirdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü Səməd Cəfərov iştirak edib.
Səfər zamanı Portuqaliya Respublikasının Ədliyyə Nazirliyində görüşlər keçirilib, habelə İstehlakçı Mübahisələri üzrə Lissabon Arbitraj Mərkəzinin və Lissabon Sülh Məhkəməsinin fəaliyyəti ilə əyani tanış olunub.
Görüşlərdə nümayəndə heyətinə sülh məhkəmələri və arbitraj mərkəzlərinin fəaliyyəti, mübahisələrin alternariv həlli sahəsində aparılan islahatlar barədə məlumatlar verilib.
Həmçinin sülh hakimlərinin və mediatorların seçilməsi proseduru, sülh hakimlərinin fəaliyyət qaydası, bu sahələrdə tətbiq edilən innovasiyalar barədə təqdimatlar nümayiş etdirilib və heyət üzvlərinin sualları cavablandırılıb.
Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən mübahisələrin alternativ həlli ilə bağlı görülmüş işlər, bu sahədə mövcud müsbət təcrübə və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib.
Göstərilən platformalarda paylaş: