Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans ikinci panel sessiya ilə davam etdirilib
18.06.2025Sessiya Məhkəmə-Hüquq Şurasının üzvü, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayevin moderatorluğu ilə keçirilib.
Paneldə beynəlxalq məhkəmə qurumlarının nümayəndələri tərəfindən müxtəlif ölkələrin təcrübələri təqdim olunub.
Albaniya Respublikasının Ali Məhkəmə Şurasının sədri İlir Rusi “Albaniya məhkəmə sisteminin idarə edilməsində Ali Məhkəmə Şurasının çətinlikləri” mövsuzunda çıxış edib. O bildirib ki, bu cür beynəlxalq tədbirlər təcrübələrin paylaşılması baxımından çox əhəmiyyətlidir. Albaniyada hüquqi islahatların davam etdirildiyi, normativ aktların hazırlandığı və məhkəmə idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində işlərin görüldüyü qeyd edilib. Apellyasiya instansiyalarında iş yükünün artdığı, bunun isə hakim çatışmazlığı ilə bağlı olduğu vurğulanıb. Şəffaflığın artırılması istiqamətində tədbirlərin davam etdirildiyi bildirilib.
Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Beqaliyev – “Qazaxıstan Respublikası Ali Məhkəmə Şurasının əsas fəaliyyət istiqamətləri” movzusunda çıxış edib. O deyib ki, Qazaxıstan Məhkəmə Şurasının əsas rolu məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etməkdir. Yeni təyin olunan hakimlərin fəaliyyətinin qiymətləndirilməsi müddətinin artırıldığı, intizam mexanizmlərinin təkmilləşdirildiyi və qanun pozuntularına qarşı hüquqi tədbirlərin sərtləşdirildiyi qeyd edilib. Vəkillərin intizam proseslərində iştirakı və iştirakın hüquqi əsaslarla tənzimlənməsi barədə islahatların həyata keçirildiyi bildirilib.
Slovakiya Respublikasının Məhkəmə Şurasının üzvü Dana Jelinkova Dudzikova “Slovakiya Respublikasının Məhkəmə-Hüquq Şurası – yeni çağırışların müasir dünyada icrası” mövzusunda çıxıb edərək bildirib ki, qanunun aliliyi sərhəd tanımır. Slovakiyada hakim olmağın mürəkkəb prosedur olduğu və hakimliyə namizədlərin ciddi seçim mərhələsindən keçdiyi qeyd olunub. Məhkəmə Şurasının fəaliyyəti çərçivəsində texnoloji və sosial çağırışlara cavab verilməsi istiqamətində tədbirlərin görüldüyü vurğulanıb.
Çin Xalq Respublikasının Pekin Ali Xalq Məhkəməsinin Mühakimə Komitəsinin daimi üzvü Chang Nongrong “Çin məhkəmələrində məhkəmə administrasiyasının islahatı və inkişafı" mövzusunda çıxış edib. O qeyd edib ki, Çində məhkəmələr dörd səviyyəyə bölünür. Məhkəmə sistemində texnoloji yeniliklərin tətbiq olunduğu, ağıllı məhkəmələrin qurulduğu və onlayn məhkəmə proseslərinin həyata keçirildiyi bildirilib. Hakimlərin peşəkarlığını təmin etmək məqsədilə kvota sisteminin tətbiq olunduğu qeyd edilib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı isə “Müqayisəli perspektivdə məhkəmə şuraları: Avropada modellər” mövzusunda çıxış edib. O deyib ki, Azərbaycanda 20 il öncə məhkəmə sisteminin təşkilinin və hakimlərin müstəqilliyinin müdafiəsi ilə bağlı Məhkəmə-Hüquq Şurası yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların Məhkəmə-Hüquq Şurasının müasirləşməsinə təkan verdiyi, Şuraya əlavə səlahiyyətlərin verildiyi və bu qurumun müstəqilliyinin gücləndirildiyi vurğulanıb. Avropa ölkələrinin əksəriyyətində məhkəmə şuralarının fəaliyyət göstərdiyi, Azərbaycandakı modelin bu kontekstdə uğurla inkişaf etdirildiyi qeyd olunub.
Panel sessiya müzakirələrlə başa çatıb.
Göstərilən platformalarda paylaş: