Hakimlər Honq Konqda keçirilən 6-cı UNCITRAL Asiya-Sakit Okean Məhkəmə Sammitində iştirak edib
03.12.20252025-ci ilin 1-2 dekabr tarixlərində Honq Konqda Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) və Honq Konq Xüsusi İnzibati Regionu Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “2025-ci il Honq Konq Hüquq Həftəsi” çərçivəsində 6-cı UNCİTRAL Asiya-Sakit Okean Məhkəmə Sammiti keçirilib.
Tədbirdə Bakı Apellyasiya Məhkəməsinin hakimi və Hakimlərin Seçki Komitəsinin üzvü Tural Qocayev və Məhkəmə-Hüquq Şurasının Aparatına ezam edilmiş Şirvan Kommersiya Məhkəməsinin hakimi Elşən Abdullayev iştirak ediblər.
Tədbirin “Məhkəmələrin Konfransı” adlanan ilk sessiyası ticarətin maliyyələşdirilməsi və virtual aktivlər sahəsində rəqəmsallaşma, UNCITRAL-ın Elektron Köçürülə Bilən Qeydlər haqqında Model Qanunu, BMT-nin Dövriyyədə olan Yük Sənədləri üzrə Konvensiya Layihəsi, eləcə də rəqəmsal iqtisadiyyatda mübahisələrin həllinə dair aktual trendlər mövzusunda panel müzakirələrini əhatə edib. Sonrakı sessiya isə “Məhkəmələrin Dəyirmi Masası” formatında ədalət mühakiməsinin həyata keçirilməsində süni intellektdən istifadə, mübahisələrin alternativ həlli və məhkəmə icraatı arasındakı qarşılıqlı əlaqələr üzrə fikir mübadiləsi ilə davam edib.
Sammit region ölkələrinin məhkəmə hakimiyyətinin aparıcı nümayəndələrini, akademikləri, hüquqşünasları, siyasətçiləri və beynəlxalq ekspertləri bir araya gətirərək, beynəlxalq kommersiya hüququnda aktual məsələlərin müzakirəsi üçün platforma rolunu oynayıb.
Həmçinin, sammit UNCITRAL-ın hüquqi alətlərinin vahid şəkildə şərh və tətbiqi vasitəsilə beynəlxalq kommersiya hüququnun mərhələli harmonizasiyasında məhkəmələrin rolunu müzakirə etmək üçün mühüm və faydalı olub.
Göstərilən platformalarda paylaş: