Azərbaycan məhkəmə-hüquq sisteminin nümayəndələrindən ibarət heyət Monteneqronun Budva şəhərində keçirilən regional seminarda iştirak edib
31.03.2026Məhkəmə-hüquq sahəsində mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində fəal əməkdaşlıq tədbirləri davam etdirilməkdədir. Bu xüsusda, cari ilin 25-26 mart tarixlərində Monteneqronun Budva şəhərində məhkəmələrin fəaliyyətində səmərəliliyin artırılmasını hədəfləyən və həmin məqsədlə həllər təklif edən Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) “Hüquqi yardım: normativ hüquqi bazadan müqayisəli təhlilə və məlumatlardan istifadə qaydaları” mövzusunda regional seminarı keçirilmişdir.
Tədbirdə CEPEJ-in Azərbaycan Respublikası üzrə milli koordinatoru olaraq Məhkəmə-Hüquq Şurası Aparatının şöbə müdiri Fərid Əmirov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub iştirak etmişdir.
Seminarın məqsədi CEPEJ-in yenilənmiş Qiymətləndirmə və İdarəetmə Panelləri sorğusunun yeni göstəricilərinin şərh edilməsində, ilkin mərhələdə metodoloji çağırışların müəyyən edilməsində, hüquqi yardım məlumatlarının analitik istifadəsinin artırılmasında müvafiq milli qurumların nümayəndələrinə yardım etməkdir.
Seminar zamanı iştirakçılar hüquqi yardımın əsas anlayışları, konsepsiyaları, eləcə də hüquqi məsləhət, sənədlərin hazırlanması, məhkəmələrdə hüquqi təmsilçilik, onlayn formada və süni intellekt əsaslı hüquqi dəstək kimi hüquqi yardımın müxtəlif formaları üzrə ortaq fikirlər formalaşdırmış, mövzu ətrafında metodoloji və statistik çağırışlara müraciət etmişlər. Bununla yanaşı, hüquqi yardımın göstərilməsinə dair institusional model və proseslər barədə tədbir iştirakçılarına məlumat verilmiş, eləcə də seminar çərçivəsində baş tutan sessiyaların mövzularına uyğun olaraq hüquqi yardımın müxtəlif göstəriciləri üzrə statistik məlumatların aparılmasına dair iştirakçılar tərəfindən məlumat verilmişdir.
Tədbir hüquqi yardımla bağlı dəqiq, etibarlı statistik məlumatların toplanması, paylaşılması və müqayisəli təhlili imkanlarının genişləndirilməsi, eləcə də bu sahədə mövcud çağırışlar ətrafında faydalı fikir və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Göstərilən platformalarda paylaş: