RUSİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ İLƏ GÖRÜŞ
13.03.2019Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Rusiya Federasiyasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov ilə görüşüb.
Azərbaycan və Rusiya arasında sıx dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu bildirən nazir bu əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolunu vurğulayıb, zəngin müqavilə bazasına söykənən əlaqələrin hüquqi sahədə də uğurla inkişaf etdiyini qeyd edib.
Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən işlər, tətbiq olunan innovasiyalar barədə məlumat verilərək təcrübə mübadiləsi məqsədilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin və birgə keçirilən tədbirlərin əhəmiyyəti qeyd olunub, iki ölkənin ədliyyə qurumları arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Ölkələrimiz arasında hər zaman yaxşı münasibətlərin olduğunu bildirən səfir bu əlaqələrin Rusiya və Azərbaycan prezidentlərinin iradəsi ilə yüksək səviyyəyə qalxdığını vurğulayıb, iki ölkənin ədliyyə orqanlarının da səmərəli əməkdaşlığı barədə məlumatlı olduğunu qeyd edib. Səfirliklə işgüzar münasibətlərdən məmnunluğunu ifadə edən qonaq fəaliyyəti dövründə Azərbaycan ilə bütün sahələrdə, o cümlədən hüquqi əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.
Söhbət zamanı maraq doğuran bir sıra məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Göstərilən platformalarda paylaş: