Məhkəmə-Hüquq Şurasının yaradılmasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans işini panel sessiyalarla davam etdirir
18.06.2025Konfrans çərçivəsində keçirilən ilk sessiyada “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar və onların həlli yolları” mövzusunda panel müzakirə baş tutub. Sessiyaya Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Sənan Hacıyev moderatorluq edib.
Paneldə “Hakim korpusunun komplektləşdirilməsi” mövzusunda çıxış edən Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov vurğulayıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müasir hüquqi sistemin qurulması istiqamətində dərin və ardıcıl islahatlar həyata keçirilib. Bu islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışda bildirilib ki, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) hesabatına əsasən, Azərbaycanda hər 100 min nəfərə düşən hakimlərin sayı Avropa üzrə orta göstəricidən təxminən üç dəfə azdır. Belə ki, bu göstərici Azərbaycanda hazırda 6,3, Avropada isə 17,6 təşkil edir. Son üç il ərzində 1600-dən çox namizəd hakimliyə qəbul üzrə seçim prosesində iştirak edib, onlardan 210 nəfər yüksək məhkəmə orqanlarına hakim təyin olunub. Yeni təyin olunmuş hakimlərin əksəriyyəti 35 yaşadək şəxslərdir və onların təxminən 50 faizini qadınlar təşkil edir. İntensiv seçim prosesinin nəticəsi olaraq, cari ilin sonunadək ölkədə hakimlərin sayının 700-ə, növbəti mərhələdə isə 800-ə çatdırılması nəzərdə tutulur.
Türkiyə Respublikası Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu panel sessiyada “Məhkəmə idarəetməsində qlobal çağırışlar və müasir beynəlxalq həllər” mövzusunda çıxış edib. O qeyd edib ki, milli qanunvericilik sistemləri artıq qapalı strukturlar deyil və qlobal hüquq normaları ilə inteqrasiyaya açıqdır. Beynəlxalq qərarlara və insan hüquqları üzrə müqavilələrə istinad edilməsi, transmilli texnologiyaların tətbiqi, beynəlxalq miqrasiya prosesləri və müxtəlif hüquq sistemləri ilə tərəfdaşlıq çağdaş məhkəmə idarəçiliyi üçün vacib istiqamətlərdir.
Sloveniya Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri Urska Kezmah isə “Sloveniyada məhkəmə idarəetməsində rəqəmsallaşma problemləri” mövzusunda çıxış edərək bildirib ki, ölkəsində bu sahədə mühüm addımlar atılıb. Rəqəmsal transformasiya üzrə qanunvericilik bazası formalaşdırılıb, elektron sistemlər yaradılıb, cinayət işləri üzrə prosedurlar və məhkəmə qərarlarının icrası üçün müasir texnologiyalar tətbiq olunub. Bununla belə, rəqəmsallaşmanın sürətləndirilməsi zəruridir.
Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidaakmatova “Məhkəmə inzibatçılığının gücləndirilməsində Məhkəmə-Hüquq Şurasının rolu” mövzusunda çıxışında qeyd edib ki, ölkəsində hakimlərin seçimi Hakimlər Şurası tərəfindən həyata keçirilir. Gələcəkdə isə bu orqanın formalaşması hakimlərin qurultayı vasitəsilə baş tutacaq. Bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilib və hakimlərin sayının artırılması nəzərdə tutulub.
Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özərdağ “Qlobal təkmilləşdirmələr çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin yurisdiksiyasına dair ümumi yanaşma” mövzusunda çıxış edərək vurğulayıb ki, beynəlxalq konfranslar ölkələr arasında hüquqi əməkdaşlığın genişlənməsinə şərait yaradır. Bu cür tədbirlər vasitəsilə ölkələr bir-birinin hüquq sistemləri ilə tanış olur, təcrübə mübadiləsi aparılır. Öz çıxışında o, həmçinin Şimali Kiprin hüququn aliliyinə əsaslanan demokratik idarəetmə modelindən, məhkəmə sisteminin müstəqilliyi və şəffaflığından, eləcə də məhkəmə və ali ədliyyə orqanlarının qanunvericilik və konstitusiya ilə tənzimlənən səlahiyyətlərindən bəhs edib.
Göstərilən platformalarda paylaş: