İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA KOMİSSARI İLƏ GÖRÜŞ
11.07.2019İyulun 11-də Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşüb.
Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatları, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, regional məhkəmələrin fəaliyyəti barədə məlumat verib, bu sahədə islahatların dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ilə yeni mərhələdə davam etdirildiyini qeyd edib.
İnsan hüquqları üzrə Avropa komissarı kimi ilk dəfə ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq səfərin məqsədinin insan haqlarının, o cümlədən məcburi köçkünlərin hüquqlarının təmini sahəsində dəstək göstərmək olduğunu bildirib, məhkəmə-hüquq sistemindəki islahatları və yenilikləri maraqla qarşılayıb.
Səfər zamanı penitensiar müəssisələrə baş çəkmək üçün yaradılmış imkana görə minnətdarlığını bildirən xanım D.Miyatoviç Azərbaycan tərəfinin "açıq qapı" siyasətini qarşılıqlı əməkdaşlığın və etimadın yaxşı təzahürü kimi dəyərləndirib, cinayət qanunvericiliyinin dekriminallaşdırılması məsələsinə toxunub.
Komissar cəza siyasətinin humanistləşdirilməsinə dair dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən Cinayət Məcəlləsinə əsaslı dəyişikliklər edilərək bir sıra əməllərin dekriminallaşdırıldığı, humanistləşdirmə tədbirlərinin bu gün də davam etdirildiyi barədə məlumatlandırılıb.
Görüşdə həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi, Avropa Məhkəməsinin qərarlarının icrası, bölgələrdə hüquq institutlarının inkişafı, vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, vəkillərin Ədliyyə Akademiyasında tədrisi və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran suallara aydınlıq gətirilib.
Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak ediblər.
Göstərilən platformalarda paylaş: