HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN ÜZVÜ ZAHİD MƏMMƏDOV HİNDİSTANDA BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB
30.11.2023Məhkəmə-Hüquq Şurasının Aparatına ezam olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Zahid Məmmədov 27-28 noyabr 2023-cü il tarixlərində Hindistanın Nyu Dehli şəhərində keçirilən “Hüquqi yardıma çıxış üzrə 1-ci regional konfrans: Qlobal cənubda ədalət sisteminə çıxışın genişləndirilməsi” adlı beynəlxalq konfransda iştirak edib.
Hindistanın Milli Hüquqi Xidmətlər İdarəsi, BMT İnkişaf Proqramı, BMT Uşaq Fondu və Beynəlxalq Hüquq Fondu tərəfindən təşkil olunan tədbirdə Asiya və Afrika ölkələrindən olan nümayəndlər – hakimlər, vəkillər, ədliyyə orqanlarının əməkdaşları, habelə BMT-nin və Dünya Bankının ekspertləri iştirak ediblər.
Tədbirin əsas mövzusu əhalinin, xüsusilə həssas təbəqə qruplarının-uşaqların və qadınların, milli azlıqların məhkəmələrə çatımlılığının təmin edilməsində əsas vasitə olan səmərəli hüquqi yardımın təşkilinə dair BMT standartları olub. Plenar iclasda və panel müzakirələrdə bu sahədə iştirakçı dövlətlərin təcrübələri barədə təqdimatlar olub, səmərəli hüquqi yardıma çatımlılığın təmin edilməsində dövlətlərin üzərinə düşən öhdəliklər diqqətə çatdırıb.
Tədbir iştirakçılarına Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən cinayət və mülki işlərdə keyfiyyətli hüquqi yardımın təmin edilməsinə dair qanunvericiliyin tələbləri və bu sahədə məhkəmə təcrübəsi, hakimlərin seçki prosesi, yuvenal ədliyyənin tətbiqi təcrübəsi barədə ətraflı məlumat verilib.
Göstərilən platformalarda paylaş: