HAKİMLƏR VƏ ALİ MƏHKƏMƏNİN ƏMƏKDAŞLARI TÜRKİYƏDƏ TƏLİMDƏ İŞTİRAK EDİBLƏR
02.03.20242024-cü ilin fevralın 18-dən 28-dək Türkiyə Respublikasının Ali İnzibati Məhkəməsi (Danıştay) ilə təcrübə mübadiləsi proqramı çərçivəsində Azərbaycan Respublikasının hakimləri və Ali Məhkəmənin əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə təlimdə iştirak edib.
Təlim zamanı inzibati orqanlara məhkəmə nəzarətinin hədləri, inzibati orqanları inzibati icraat aparılmasına təşviqetmənin yolları, “Elektron məhkəmə” informasiya sisteminin üstünlüklərindən faydalanma, yazılı icraatın həyata keçirilmə mexanizmləri, süni intellektin imkanlarından istifadə və inzibati məhkəmə icraatına dair digər mövzularda fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkı ziyarət edilib. Nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyub, xatirəsini dərin ehtiram və hörmətlə yad edib.
Daha sonra 26 fevral - Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Xocalı abidəsi ziyarət edilib, önünə güllər qoyulub.
Göstərilən platformalarda paylaş: