“Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları“ yenidən işlənilərək, təsdiq edilib
15.08.2025Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakim korpusunda ən layiqli hüquqşünasların təmsil olunması məqsədilə hakimliyə namizədlərin yüksək tələbkarlıq səviyyəsində seçilməsi prosesi davam etdirilir.
Məlum olduğu kimi 2024-cü il 7 noyabr tarixdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən seçim prosesinin sayı 4-dən 3-ə endirilmişdir. Edilmiş dəyişikliyə əsasən hakim vəzifəsinə namizədlərin seçimi test imtahanı, yazılı imtahan və müsahibə əsasında aparılacaqdır.
Qanuna edilmiş dəyişiklərdən irəli gələrək “Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları“ yenidən işlənilərək, Məhkəmə-Hüquq Şurasının Qərarı ilə təsdiq edilmiş və 2025-ci il 14 avqust tarixdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.
“Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi Qaydaları”nın tam mətni ilə https://e-qanun.az/framework/60373 keçidi vasitəsilə tanış olmaq mümkündür.
Həmçinin namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən yenilənmiş “Hakim vəzifəsinə namizədin Yaddaş Kitabçası” jlc.gov.az saytında yerləşdirilmişdir.
Eyni zamanda bildirilir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və 2025-ci il 21 sentyabr tarixdə keçiriləcək test imtahanında iştirak üçün artıq 250-dən çox namizəd sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.
Göstərilən platformalarda paylaş: