IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib
08.09.20262026-ci il 7 sentyabr tarixdə IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş təşkil olunub.
Görüş Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, nazirliyin məsul əməkdaşları, eləcə də proqramın əvvəlki illərdə uğur qazanmış məzunları və hazırkı iştirakçıları ilə keçirilib.
Kərəm Mansurov “Müasir məhkəmə sistemi və rəqəmsal gələcək” mövzusunda tədbir iştirakçıları qarşısında çıxış edib. Məhkəmə-Hüquq Şurasının fəaliyyət istiqamətləri, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, məhkəmə mədəniyyətinin formalaşması, eləcə də rəqəmsal idarəetmə və süni intellektin ədalət mühakiməsindəki gələcək rolu barədə geniş fikir mübadiləsi aparılıb.
Vurğulanıb ki, müasir məhkəmə sisteminin inkişafı yalnız hüquqi bilik və peşəkarlıqla deyil, həm də yüksək etik davranış standartları, ictimai etimadın qorunması və yeni texnologiyaların yaratdığı imkanlardan düzgün istifadə ilə sıx bağlıdır. Rəqəmsal gələcək anlayışı yalnız texnoloji yenilikləri deyil, həm də yeni düşüncə tərzi, idarəetmə mədəniyyəti və dəyişikliklərə açıq insan kapitalını ifadə edir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyə kimi proqramdan 102 gənc məzun olub. Hazırda 53 nəfər Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabe qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində lV “Maarifçi” proqramında iştirak edir.
Göstərilən platformalarda paylaş: