MƏHKƏMƏ FƏALİYYƏTİ TƏKMİLLƏŞDİRİLİR
23.06.2020Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Xüsusi karantin şəraitində videokonfrans formatında keçirilən iclasda qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidentinin tapşırıqlarının icrası ilə bağlı tədbirlər müzakirə edilib.
Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil respublikamızın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davamlı və sabit inkişaf etdiyini, idarəetmənin təkmilləşdirildiyini, həyata keçirilən islahatların, o cümlədən hakimiyyətin bütün qollarında aparılan kadr dəyişikliklərinin müsbət nəticələrini qeyd edib.
Dünyada tüğyan edən COVID-19 infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən və dünyada nümunə göstərilən tədbirlərdən bəhs edilib, bu sosial bəla ilə mübarizədə fədakar əməyə görə respublika Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə edilib. Pandemiya şəraitində ölkəmizin beynəlxalq aləmin etibarlı üzvü kimi qlobal miqyasda müsbət fəaliyyəti, o cümlədən 29 ölkəyə humanitar yardım göstərməsi xüsusi vurğulanıb.
Bildirilib ki, qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılır, Ali Məhkəmə Plenumunun qərarına əsasən məhkəmələr tərəfindən sərt karantin rejimi dövründə təxirəsalınmaz, yaxud bilavasitə məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması təmin olunur.
“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə proseslərinin video bağlantı şəklində keçirilməsi məqsədilə xüsusi proqram modulunun hazırlanması və bir sıra məhkəmələrdə qeyd edilən formatda işlərə baxılması məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə əsaslı töhfə verib. Cinayət işlərinə də video bağlantı ilə baxılmasına dair qanun layihəsinin hazırda Milli Məclisin baxışında olduğu qeyd edilib.
İclasda həmçinin, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) bu ayın 10-da keçirilmiş virtual plenar iclasında qəbul etdiyi pandemiya və ondan sonrakı dövrdə ədalət mühakiməsinin həyata keçirilməsi məsələlərinə dair Xartiyası diqqətə çatdırılıb. Bu sənəddə göstərilən bir çox məsələlərin, o cümlədən insanların məhkəməyə çatımlığının təmini, onlayn xidmətlərdən istifadə və s. kimi tövsiyələrin artıq tətbiqi edildiyi təqdir olunub.
Qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər pandemiya şəraitində də davam etdirilib, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 03.04.2019-cu il tarixli proqram xarakterli Fərmanının icrası üzrə ardıcıl tədbirlər görülüb. Fərmanın icrası çərçivəsində mühüm qanunvericilik paketləri qəbul edilib.
Dövlət başçısının yüksək humanizminin növbəti təzahürü olaraq, onun qanunvericilik təşəbbüsü ilə ötən ay Cinayət Məcəlləsinə edilmiş dəyişiklərlə 35 əməlin dekriminallaşdırılması, 30 maddənin sanksiyasına alternativ cəzaların daxil edilməsi xüsusi qeyd edilib, məhkəmələr tərəfindən həmin dəyişikliklərdən irəli gələn vəzifələrin dürüst icrası ilə bağlı qarşıda duran vəzifələr vurğulanıb.
Bildirilib ki, bu dövrdə dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı ilə əlavə ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilib. Yeni qaydada - müasir informasiya texnologiyalarının tətbiqi ilə keçirilən və davamlı xarakter alan imtahanlarda uğur qazanmış 108 nəfər müsabiqənin müxtəlif mərhələsindədirlər. Namizədlərin sənəd qəbulu elektron qaydada hazırda da aparılır.
Həmçinin, ötən ay ölkə Prezidenti tərəfindən məsul hakim vəzifələrinə təyinatların edilməsi, bəzi hakimlərin iş yerinin intizam qaydasında dəyişdirilməsi, yaxud aşağı işə keçirilməsi, habelə yeni nəsil gənc hakimlərin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi mühüm əhəmiyyət kəsb edib.
Dövlət başçısının tövsiyələrinə uyğun olaraq Şura tərəfindən cari ildə 2 yeni mühüm sənədin - Ali Məhkəmə tərəfindən məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydalarının qəbul edildiyi, bu sahədə elektron proqram təminatının hazırlandığı bildirilib. Bunun hakimlərin fəaliyyətinin hərtərəfli qiymətləndirilməsində, sistem xarakteri daşıyan nöqsanların aşkar edilməsində və fəaliyyətində ciddi pozuntulara yol verən şəxslərin müəyyən edilməsində mühüm praktik alət olacağı vurğulanıb.
Artıq yeni Qaydalarla fəaliyyəti qiymətləndirilməsi nəzərdə tutulan 100-dən çox hakim, o cümlədən 50-dək yuxarı instansiya məhkəmələrinin hakimləri barədə qiymətləndirmə prosesinin başlanıldığı bildirilib.
Fərmanla verilmiş tövsiyələrə uyğun olaraq məhkəmələrdə işlərin hakimlər arasında elektron qaydada bölgüsü, bu sahədə şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə monitorinqlər keçirilib. Distant formada, «Elektron Məhkəmə» informasiya sistemi vasitəsilə təşkil edilən monitorinqlər zamanı aşkar olunan pozuntular 20-dən çox məhkəmə sədrinin diqqətinə çatdırılıb.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun əhəmiyyəti nəzərə alınaraq, pandemiya şəraitinə baxmayaraq, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində Masallı Rayon Məhkəməsinin inzibati binasının tikintisinin başa çatdırıldığı, Sumqayıt məhkəmə kompleksinin və Suraxanı Rayon Məhkəməsinin binalarının tikintisinin isə tezliklə yekunlaşacağı bildirilib.
“Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin və onun imkanlarının genişləndirilməsi, insanların məhkəməyə çatımlılığının təmin edilməsi üzrə bugünlərdə Dünya Bankı ilə imzalanan yeni müqavilənin ədalət mühakiməsinin təkmilləşdirilməsinə, qeyri-prosessual münasibətlərin qarşısının alınmasına əsaslı töhfələr verəcəyi vurğulanıb.
İclasda məhkəmə sistemində şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan hallara qarşı qəti mübarizə aparılması ilə bağlı dövlət başçısının tapşırıqlarının diqqətdə saxlanıldığı, bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.
Bu məqsədlə, ötən ay Məhkəmə-Hüquq Şurası rəhbərliyi tərəfindən bütün məhkəmə sədri və müavinləri, kollegiya sədrlərinin iştirakı ilə video-müşavirə keçirilərək, qanun pozuntularına ciddi reaksiya verilməsi, süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.
Həmin müşavirədə qeyd edilən məsələlərin hər bir hakimin və məhkəmə işçisinin diqqətinə çatdırılması məqsədilə təxirəsalınmadan bütün məhkəmələrdə tədbirlər keçirilib, yol verilən nöqsanlar və onların səbəbləri müzakirə edilib. Korrupsiyaya şərait yaradan, insanların haqlı narazılığını doğuran hallara qarşı qəti və barışmaz münasibət nəzərə çatdırılıb.
Eləcə də hazırkı pandemiya şəraitində bütün vəzifəli şəxslər tərəfindən müstəsna dərəcədə sosial məsuliyyətlilik göstərilməsinin, karantin rejiminə dönmədən əməl edilməsinin zəruriliyi bildirilib.
Həyata keçirilən tədbirlər qısa müddətdə öz müsbət bəhrəsini verərək, hakimlərin özlərinə və məhkəmə əməkdaşlarına qarşı daha tələbkar olmaları ilə nəticələnib, bir çox neqativ halların aradan qaldırılmasına nail olunub.
Bununla belə bəzi hakimlər tərəfindən intizamsızlıq və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyi müəyyən edilib.
İclasda xüsusi karantin rejiminin, hakimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.
Məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə bundan sonra da ən sərt tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.
Göstərilən platformalarda paylaş: