VƏTƏNDAŞLARA LAYİQLİ XİDMƏT ƏSAS PRİORİTETDİR
28.10.2022Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və vətəndaşların bölgələrdə qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov oktyabrın 28-də Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qəbulda Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarından və digər bölgələrdən olan vətəndaşlar iştirak ediblər.
Ədliyyə naziri qəbul zamanı hər bir vətəndaşın ədliyyə fəaliyyəti ilə bağlı müraciətini diqqətlə dinləyərək qaldırılan məsələlərlə bağlı qəbulda iştirak edən nazirliyin məsul işçilərinə zəruri tapşırıqlar verib. Eyni zamanda bəzi müraciətlərin yerində həlli ilə bağlı tədbirlər görülüb. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.
Bölgə sakinləri onların müraciətlərinə göstərilən diqqət və qayğıya, yerlərdə qəbulların keçirilməsi ilə bağlı yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı nazir yerli ədliyyə qurumlarının və məhkəmənin işi, habelə ədliyyənin müvafiq xidmətlər göstərdiyi Mingəçevir "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirələr keçirib.
Müşavirələrdə çıxış edən nazir ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq qələbəmizdən danışıb, qarşıdan gələn Zəfər Günü münasibətilə təbrikini çatdırıb.
Azad edilmiş ərazilərimizin dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə sürətli bərpası vurğulanıb, bu çərçivədə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili ilə bağlı tədbirlərə toxunularaq nazirlik tərəfindən Zəngilan rayonu Ağalı kəndində və Şuşa şəhərində innovativ metodlar əsasında səyyar ədliyyə xidmətlərinin göstərildiyi qeyd olunub.
Eyni zamanda respublikamızın hərtərəfli inkişafına uyğun olaraq məhkəmə-hüquq sistemində aparılan islahatlardan, o cümlədən cəza-icra siyasətinin humanistləşdirilməsi, məhkəmə qərarlarının və alternativ cəzaların icrası sahəsində işin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışılıb.
Görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə edilib, ciddi nöqsan və pozuntulara yol vermiş əməkdaşların cəzalandırıldığı diqqətə çatdırılaraq ədliyyə işçilərinə fəaliyyətlərində insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı dövlət başçısının tələblərini daim rəhbər tutmaları tapşırılıb.
Nazir F.Məmmədov həmçinin ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, vətəndaşların məhkəmələrə etimadının artırılması ilə bağlı tədbirlərə toxunaraq məhkəmələrdə aparılmış monitorinqlərin nəticələrini, o cümlədən vətəndaşların haqlı narazılığını doğuran halları qeyd edib, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması və şəffaflığın artırılması ilə bağlı tövsiyələr verib.
Göstərilən platformalarda paylaş: