ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

TƏRTƏRDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLİB

12.05.2023
TƏRTƏRDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLİB
TƏRTƏRDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLİB

Mayın 12-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Tərtər, Ağdam, Bərdə və digər rayonlardan olan vətəndaşların ədliyyə fəaliyyətinə dair müraciətləri diqqətlə dinlənilərək qaldırılan məsələlərlə bağlı aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində həmçinin, yerli ədliyyə orqanlarının və məhkəmələrin iş şəraiti ilə tanış olunub, işin səmərəliliyinin artırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Rayonda fəaliyyət göstərən ədliyyə işçilərinin və hakimlərin iştirakı ilə tədbir keçirilib.

Çıxış edən ədliyyə naziri F.Məmmədov “Heydər Əliyev İli”ndə 100 illiyini qeyd etdiyimiz Ümummilli Liderin mənalı ömür yolundan və titanik fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb, demokratik hüquqi dövlət quruculuğunda, müasir məhkəmə-hüquq sisteminin bərqərar edilməsində müstəsna rolunu qeyd edib.

Ulu Öndərin yolu ilə gedən ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli inkişafı, dahi rəhbərin təməlini qoyduğu məhkəmə-hüquq islahatlarının müasir çağırışlara uyğun həyata keçirildiyi diqqətə çatdırılıb.

Nazir Böyük Qələbəmizlə torpaqlarımız işğaldan azad edilməklə Müzəffər Ali Baş Komandanın Ümummilli Liderin tapşırığını şərəflə yerinə yetirdiyini xüsusilə vurğulayaraq, dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə həmin ərazilərdə aparılan sürətli bərpa-quruculuq işlərindən bəhs edib.

Tədbirdə əbədiyaşar liderin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı bildirilərək ədliyyə orqanlarında və məhkəmələrdə Ulu Öndərin zəngin irsinə həsr olunan silsilə tədbirlər barədə məlumat verilib.