ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

ÖLKƏMİZDƏ ƏDALƏT MÜHAKİMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ HAKİMLƏRİN İŞ YÜKÜNÜN AZALDILMASI İSTİQAMƏTİNDƏ KOMPLEKS TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR

13.08.2020
ÖLKƏMİZDƏ ƏDALƏT MÜHAKİMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ HAKİMLƏRİN İŞ YÜKÜNÜN AZALDILMASI İSTİQAMƏTİNDƏ KOMPLEKS TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
ÖLKƏMİZDƏ ƏDALƏT MÜHAKİMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ HAKİMLƏRİN İŞ YÜKÜNÜN AZALDILMASI İSTİQAMƏTİNDƏ KOMPLEKS TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR

Bakı, 12 avqust, AZƏRTAC

Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də KİV-in, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Bu da insanların məhkəmə-hüquq sahəsində maariflənməsinə müsbət təsirini göstərir. Bu baxımdan dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti tədbirlərdən biri kimi, avqustun 12-də “Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər” mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil olunub.

İctimai müzakirədə iştirak edən Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektorunun müdiri Seyfəlpaşa Əliyev bu istiqamətdə işin təşkili, atılan addımlar barədə ətraflı məlumat verib.

Bildirilib ki, ölkəmizin məhkəmə-hüquq sistemində islahatlar müasir çağırışlara uyğun olaraq yeni mərhələdə həyata keçirilir. Belə ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman bu sahədə islahatların yeni mərhələsinin başlanğıcı olmaqla yanaşı, aidiyyəti qurumların qarşısında mühüm vəzifələr qoyub.

Fərmanın icrası istiqamətində məhkəmə hakimiyyətinə ictimai etimadın və məhkəmə fəaliyyətində şəffaflığın artırılması, məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən ictimaiyyətlə qarşılıqlı əlaqələrin səmərəli qurulması üzrə müvafiq qərarlar qəbul olunub, Məhkəmə-Hüquq Şurasının özündə və məhkəmələrdə ictimaiyyətlə əlaqələrə məsul şəxslər ayrılıb.

Qeyd edilib ki, ölkəmizdə məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası 2005-ci ildən fəaliyyətə başlayıb. Onun səlahiyyətlərinə məhkəmə hakimiyyəti ilə bağlı bir çox, o cümlədən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların intizam məsuliyyətinə cəlb edilməsi, iş yerlərinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, məhkəmə sisteminin müstəqilliyinin təmin olunması daxildir. İndiyədək məhkəmə-hüquq sistemində mühüm islahatlar həyata keçirilib və Məhkəmə-Hüquq Şurasının səhiyyələri ilbəil genişləndirilir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il aprelin 3-də Fərmanının icrası üzrə ötən dövrdə çoxsaylı tədbirlər reallaşdırılıb. Fərman məhkəmə-hüquq islahatların dərinləşməsini ehtiva edir və indiyədək ölkəmizdə həyata keçirilən mühüm tədbirlərin məntiqi davamıdır. Məhkəmə və ədalət mühakiməsi sisteminin müxtəlif spektrlərini əhatə edən Fərmanda yeni məhkəmələrin yaradılması, hakimlərin və məhkəmə aparatı işçilərinin təminatının yaxşılaşdırılması, özəl icra və ekspertiza institutlarının yaradılması, mediasiya, arbitraj və digər istiqamətlərdə yeniliklər nəzərdə tutulub. Bu sənəd qəbul olunduqdan sonra onun icrası məsələləri Məhkəmə-Hüquq Şurasının iclasında müzakirə olunub və bununla bağlı İşçi Qrup yaradılıb, Fərmanın ictimaiyyətə çatdırılması məqsədilə müxtəlif görüşlər təşkil edilib.

Həmçinin Fərmandakı tapşırıqlardan irəli gələrək ölkədə yeni kommersiya və inzibati məhkəmələrin yaradılıb. Dövlətimizin başçısının sərəncamları ilə 12 regional kommersiya və inzibati məhkəmə təşkil edilib. Bu ilin yanvarından fəaliyyətə başlayan həmin məhkəmələrə 42 yeni hakim təyinatı aparılıb. Eyni zamanda, hakimlərin maddi təminatı yaxşılaşdırılması istiqamətində qanunvericiliyə dəyişikliklər edilib və hakimlərin əməkhaqqı iki dəfəyədək artırılıb. Fərmanın icrası çərçivəsində Ali Məhkəmədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı yeni mexanizmin müəyyənləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunvericilikdə köklü dəyişikliklər edilib.

Vurğulanıb ki, Fərmanda nəzərdə tutulan mühüm tədbirlərdən biri də hakim ştatlarının 200 vahid artırılması olub. Yeni ştatların komplektləşdirilməsinin hakimlərin iş yükünün azaldılmasında mühüm rol oynayacağı qeyd edilib. Bildirilib ki, Azərbaycanda hakimliyə namizədlərin imtahanı prosesi Avropada ən mütərəqqi təcrübələrdən hesab olunur. Bu günədək həmin proseslərdən uğurla keçən 415 nəfər yeni qaydada hakim vəzifələrinə təyin olunub.

Qeyd olunub ki, Fərmanla əlavə ayrılmış 200 hakim ştatının çevik komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. Artıq yeni qaydada - müasir informasiya texnologiyalarının tətbiqi ilə keçirilən imtahanlarda uğur qazanmış 108 nəfər müsabiqənin müxtəlif mərhələsindədir. Həmin namizədlərin tərkibinin 75 faizinin 35 yaşadək, o cümlədən hər dördündən birinin 30 yaşadək gənclərin təşkil etməsi məmnuniyyətlə vurğulanıb.

Məhkəmələrdə iş yükünün azaldılması üzrə başqa tədbirlərin də həyata keçirildiyinin vurğulandığı ictimai müzakirədə diqqətə çatdırılıb ki, ölkəmizdə qanunvericiliyə edilmiş dəyişikliklər, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, 2021-ci ildən etibarən respublikamızda mediasiya institutunun fəaliyyətə başlaması məhkəmələrin iş yükünün daha da azaldılmasına gətirib çıxaracaq.

Qeyd edilib ki, Fərmanda Məhkəmə-Hüquq Şurasına bir sıra mühüm tövsiyələr verilib, o cümlədən məhkəmələrdə qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi üzrə monitorinqlərin aparılması nəzərdə tutulub. Həmin tövsiyələrin icrası üzrə Şuranın Aparatında yeni strukturlar yaradılıb. Belə ki, “Korrupsiya qarşı mübarizə və Məhkəmə monitorinqi” və “İnformasiya texnologiyaları və innovasiyalar” sektorları təşkil olunub. Məhkəmə-Hüquq Şurası tərəfindən indiyədək 60-dan çox məhkəmədə monitorinqlər keçirilib. Aşkarlanan pozuntular 150-dən çox hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb. İşlərin elektron bölgüsünün həyata keçirilməsi ilə bağlı xüsusi monitorinqlər də aparılıb. Bu, həm yerlərdə, həm də “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə distant formada həyata keçirilib. Bu zaman müəyyən olunan pozuntular 20-dək məhkəmə sədrinin diqqətinə çatdırılıb. Daha ciddi pozuntularla bağlı isə iki məhkəmə sədri barədə intizam icraatı başlanılıb. Ümumilikdə, Fərmanın qəbul edildiyi dövrdən 44 hakim intizam məsuliyyətinə cəlb edilib.

Bildirilib ki, tədbirlərin əsas məqsədi ədalət mühakiməsinin təkmilləşdirilməsi və hakimlərin məsuliyyət hissinin artırılmasıdır. Bu istiqamətdə, həmçinin qarşıda duran vəzifələrə dair Məhkəmə-Hüquq Şurası tərəfindən videokonfrans formatında ölkənin bütün məhkəmə sədri və müavinləri, kollegiya sədrlərinin iştirakı ilə keçirilən müşavirədə qanunun aliliyinin və qərarların ədalətliliyinin təmin edilməsi ilə bağlı dövlət başçısının tövsiyələri diqqətə çatdırılıb. Qanun pozuntularına ciddi reaksiya verilməsi, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qəti tədbirlər vurğulanıb.

Həyata keçirilən tədbirlər qısa müddətdə öz müsbət bəhrəsini verərək, hakimlərin özlərinə və məhkəmə əməkdaşlarına qarşı daha tələbkar olmaları ilə nəticələnib, bir çox neqativ halların aradan qaldırılmasına nail olunub.

Məlumat verilib ki, Fərmanın icrası çərçivəsində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları qəbul edilib. Yeni qaydalar məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə mühüm töhfələr verəcək. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə avropalı ekspertlərlə qiymətləndirmə qaydalarının ilkin layihəsi hazırlanıb. Bu ilin martında qəbul edilən hakimlərin fəaliyyətinin qiymətləndirmə qaydaları müxtəlif istiqamətləri əhatə edir. Yüzdən çox hakimin fəaliyyətinin isə bu ilin sonunadək yeni qaydalarla qiymətləndirilməsi nəzərdə tutulur.

İctimai müzakirədə xüsusi karantin rejimi dövründə ədalət mühakiməsinin həyata keçirilməsi, mövcud karantin rejimində məhkəmələrin fəaliyyətindən də söz açılıb. Qeyd olunub ki, Ali Məhkəmə tərəfindən bununla bağlı məhkəmələrə iş qaydası tövsiyə edilib. Karantin rejimində təxirəsalınmaz qaydada olan işlərə məhkəmələrdə baxılıb. Eləcə də “Elektron məhkəmə” informasiya sisteminin nailiyyətlərindən istifadə etməklə məhkəmələrdə müəyyən mülki işlərə də baxılır. Məhkəmələrdə, eləcə də işlərə videobağlantı yolu ilə baxılması da müəyyən edilib.

Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunun fəaliyyəti, gələcəkdə görüləcək işlər barədə məlumat verilərkən qeyd olunub ki, bu sektor Fərmandan irəli gələn mühüm tapşırıqların bir hissəsidir. Sektorun fəaliyyətlərindən biri fiziki, hüquqi şəxslərin müraciətlərinin araşdırılmasıdır. İndiyədək fəaliyyətində korrupsiya hüquqpozmalarına yol verən və vətəndaşın hüquqlarına süni maneə yaradılması hallarına görə 39 hakim intizam məsuliyyətinə cəlb olunub. Həmin hakimlərdən 9-nun səlahiyyətinə xitam verilib, 4-ü isə daha aşağı işə keçirilib. Bundan başqa, məhkəmələrdə qeyri-proses münasibətlərin yolverilməzliyinin qarşısının alınması məqsədilə monitorinqlər keçirilir. Eləcə də məhkəmələrdə maarifləndirmə işləri aparılır, müvafiq təkliflər hazırlanır.

Onlayn ictimai müzakirədə, ümumilikdə son vaxtlar qəbul edilmiş qanunlar sayəsində məhkəmə-hüquq sahəsində çoxlu sayda təqdirəlayiq islahatlar aparıldığı vurğulanıb, həmçinin sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılıb.