NEFTÇALADA VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLİB
18.01.2023Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bölgə vətəndaşlarının qəbulu məqsədilə yanvarın 18-də Neftçalada səfərdə olub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Sonra Neftçala şəhəri Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı eksponatlarla tanışlıq olub.
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Heydər Əliyev Mərkəzində Neftçala, Salyan, Biləsuvar və digər rayonlardan olan vətəndaşların qəbulu keçirilib. Ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşların müraciətləri dinlənilərək qaldırılan məsələlərə dair nazirliyin məsul işçilərinə aidiyyəti tapşırıqlar verilib, bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb. Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə naziri Neftçala rayon icra və probasiya, qeydiyyat və notariat qurumlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, rayon məhkəməsinə baş çəkib, ədliyyə işçiləri və hakimlərlə görüşüb.
Nazir 2023-cü ilin ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunması ilə əlamətdar olduğunu, Ulu Öndərin qurub yaratdığı müasir Azərbaycan dövlətinin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli uğurlu inkişafını qeyd edib, məhkəmə-hüquq sistemində aparılan mütərəqqi islahatlardan bəhs edib.
Ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması, vətəndaşların müraciətlərinə daim qayğı ilə yanaşılaraq layiqli xidmət göstərilməsi, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl olunması ilə bağlı aidiyyəti tapşırıq və tövsiyələr verilib.
Göstərilən platformalarda paylaş: