MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ TƏRƏFİNDƏN BÖLGƏ VƏTƏNDAŞLARININ VİDEOQƏBULU KEÇİRİLİB
16.04.2020Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qlobal pandemiyaya qarşı qəti tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər aparılır, kütləvi tədbirlərlə yanaşı açıq qəbullar təxirə salınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq aprelin 16-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən Şirvan, Hacıqabul, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşların videoqəbulu keçirilib.
Şirvan regional ədliyyə idarəsi vasitəsilə əvvəlcədən qəbula yazılmış 15 vətəndaşın videokonfrans şəklində müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı nazirliyin videoqəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Bölgə sakinləri pandemiya şəraitində vətəndaşların müraciətlərinin dinlənilməsinin videokonfrans şəkildə təşkilindən məmnunluqlarını bildirib, onların qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Göstərilən platformalarda paylaş: