ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARI SAHİBKARLARIN HÜQUQLARININ ETİBARLI MÜDAFİƏSİNƏ TƏMİNAT VERİR

16.05.2019
MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARI SAHİBKARLARIN HÜQUQLARININ ETİBARLI MÜDAFİƏSİNƏ TƏMİNAT VERİR
MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARI SAHİBKARLARIN HÜQUQLARININ ETİBARLI MÜDAFİƏSİNƏ TƏMİNAT VERİR

Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür, bu mühüm sənədin müstəsna əhəmiyyəti, o cümlədən məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, mediasiya institutunun təşviqi, sahibkarların hüquqlarının etibarlı müdafiəsi və digər məsələlər barədə geniş maarifləndirmə işləri aparılır.

Mayın 16-da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə "Vətəndaşların və sahibkarların hüquqlarının müdafiəsində Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti" mövzusunda ictimai müzakirələr keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, nazir müavinləri və nazirliyin digər məsul şəxsləri, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Şirvan Apelyasiya və ətraf rayon məhkəmələrinin sədrləri, hakimlər, vəkillər, regional və yerli ədliyyə qurumlarının rəhbərləri, çoxsaylı sahibkarlar, vətəndaş cəmiyyətinin və ictimaiyyətin digər nümayəndələri, KİV-lər iştirak ediblər.

Tədbiri açan Ədliyyə naziri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisini, sahibkarlığın inkişafına dövlət qayğısını vurğulayıb, ölkədə aparılan hərtərəfli islahatların məhkəmə-hüquq sistemini də əhatə etdiyini, ötən dövrdə bu sahədə bir çox mühüm tədbirlərin həyata keçirildiyini bildirib, dövlət başçısının 3 aprel tarixli Fərmanının ədliyyə və məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün "yol xəritəsi" olduğunu və bu mühüm sənədin icrası, o cümlədən sahibkarların hüquqlarının məhkəmə müdafiəsinin gücləndirilməsi üzrə görülən işləri qeyd edib.

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı ölkədə sosial-iqtisadi inkişafın təmin edildiyini, respublikanın bütün bölgələrində, o cümlədən Lənkəran rayonunda uğurların əldə olunduğunu diqqətə çatdırıb, məhkəmə-hüquq sistemində aparılan islahatların vətəndaşların, habelə sahibkarların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xidmət etdiyini bildirib.

Tədbirdə dövlət başçısının Fərmanının məhkəmələrə əlçatanlığın və müraciət imkanlarının yaxşılaşdırılmasında rolu, sahibkarların hüquqlarının müdafiəsində məhkəmə təminatının vacibliyi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılmasının sahibkarların və digər tələbkarların hüquqlarının bərpasında əhəmiyyəti, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsində müasir texnologiyaların tətbiqi barədə çıxışlar edilib, "Elektron

məhkəmə", "Elektron icra" informasiya sistemlərinin imkanları və ədliyyə sahəsində digər innovasiyalar əyani təqdimatla nümayiş etdirilib.

Bildirilib ki, son vaxtlar sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həllinin tezləşdirilməsi ilə bağlı mühüm addımlar atılıb, o cümlədən iqtisadi mübahisələr üzrə işlərə elektron qaydada baxılmasına keçilib, sahibkarların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə tədbirlər görülüb.

Sonra tədbir iştirakçıları ilə sual-cavab sessiyası keçirilib, müzakirələr aparılıb. Qeyd olunub ki, dövlət başçısının Fərmanına əsasən vergi və gömrük ödənişləri, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı digər mübahisələrə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması, bu məqsədlə mülki-prosessual qanunvericiliyin təkmilləşdirilməsi sahibkarların hüquqlarının etibarlı müdafiəsinə, onların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsinə xidmət edir.

Tədbirə yekun vuran nazir məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələ olan ölkə Prezidentinin Fərmanının icrası nəticəsində ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına, əlçatanlığın asanlaşdırılmasına, yüksək vətəndaş məmnunluğuna, sahibkarlığın inkişafının sürətlənməsinə nail olunacağını vurğulayıb.