MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ ŞƏFFAFLIĞIN TƏMİN EDİLMƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR
05.08.2023Cari ilin 4 avqust tarixində Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərlərində yerləşən ixtisaslaşmış və rayon (şəhər) məhkəmələrinin sədrləri ilə görüş keçirilib.
İnam Kərimov çıxışında məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən islahatları diqqətə çatdırıb, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə-hüquq sisteminin yeni çağırışlara uyğun inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Bildirilib ki, yeni tərkibdə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası tərəfindən artıq qısa müddət ərzində müxtəlif istiqamətlərdə, o cümlədən hakimlərin seçim prosesinin sadələşdirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və digər sahələrdə konkret hədəflər müəyyən edilib.
Eyni zamanda, məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyi, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin bundan sonra da həyata keçiriləcəyi diqqətə çatdırılıb. Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.
Görüşdə, həmçinin digər mövzular ətrafında müzakirələr aparılıb.
Göstərilən platformalarda paylaş: