Hakimlər və vəkillər üçün təlim keçirilib
10.10.202410 oktyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə vəkillər və hakimlər üçün “Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimi keçirilib.
Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, təlimin keçirilməsində məqsəd mövcud qanunvericiliyin imkanlarından daha geniş istifadə etməklə məişət zorakılığının qarşısının alınması, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi və qorunması istiqamətində bilik və bacarıqların artırılmasıdır.
B.Muradova məişət zorakılığının ailələrin, ümumilikdə cəmiyyətin həyat fəaliyyətinin əsaslarını pozan ciddi sosial problem olduğunu və digər zorakılıq əməllərindən fərqli olaraq bu halların fəsadlarının daha ağır və uzunmüddətli olduğunu qeyd edib. O, diqqətə çatdırıb ki, bu gün məişət zorakılığının qarşısının alınması dövlət və ictimai maraq dairəsinə daxil olan mühüm məsələlərdən biridir və məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilik bazası daim təkmilləşdirilir, artıq növbəti dönəm üçün yeni fəaliyyət planı üzərində işləməliyik.
Ümumilikdə məişət zorakılığı üzrə altı qanuna və beş fərmana dəyişikliklər edildiyini qeyd edən sədr, məişət zorakılığına dair subyektlərin əhatə dairəsi genişləndirilməsini, həmçinin qısamüddətli mühafizə orderlərinin verilməsi ilə bağlı qaydaların da dəyişdirildiyini xüsusi vurğulayıb. Eyni zamanda, məişət zorakılığından əziyyət çəkmiş şəxslərə pulsuz hüquqi yardım göstərilir",- deyə Komitə sədri bildirib.
Əlavə olaraq yeni qurumlararası əlaqələndirmə mexanizminin yaradılmasına diqqət çəkən B.Muradova, sadalanan bütün dəyişikliklərin məişət zorakılığı ilə mübarizəyə, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha effektiv müdafiəsinə, baş vermiş halların obyektiv araşdırılmasına əvəzsiz töhfələr verəcəyinə inamını bildirib.
Bu kimi işlərdə hakimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və vəkillərin hazırlığının önəmini vurğulayan Komitə sədri əlavə edib ki, onlar bu cür işlərə baxılarkən genderə həssas yanaşma göstərməli, mənfi stereotiplərdən uzaq olmalıdırlar.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov çıxış edərək bildirib ki, ailədaxili zorakılıq halları təkcə bir ailəni deyil, bütövlükdə bütün cəmiyyəti təhlükə altında qoyur, bu problemin həlli isə geniş və məqsədyönlü tədbirlərin görülməsini, həmçinin kompleks yanaşmanı tələb edir.
O, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişiklikləri nəzərə çatdıraraq əlavə edib ki, dövlət hesabına hüququ yardım göstərilən şəxslərin dairəsində məişət zorakılığından zərər çəkmiş şəxslər xüsusilə fərqləndirilmişdir. Həmçinin müvafiq dəyişikliklərə əsasən həmin şəxslərə dövlət hesabına hüquqi yardım göstərən vəkilin öz vəzifələrini yerinə yetirməkdən imtina etməsi qanunla qadağan edilib.
Qanunvericiliyə edilən müvafiq dəyişikliklərin bir çox boşluqların aradan qaldırılmasında təsiri olsa da, hələdə bu sahədə problemlərin qaldığına diqqət çəkən A.Bağırov qeyd edib ki, effektiv mübarizə üçün yanlınz qanuvericiliyin təkmilləşdirilməsi kifayət deyil və müxtəlif qurumlar arasında koordinasiyanın böyük əhəmiyyəti var.
Müvafiq sahədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlığa diqqət çəkən Anar Bağırov, birgə fəaliyyət çərçivəsində məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımgöstərilməsinə dair Anlaşma Memorandumu imzalandığını da qeyd edib.
Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev mövzunun qlobal əhəmiyyətinə diqqət çəkərək, məişət zorakılığından zərərçəkən şəxslərin daim dövlət tərəfindən qorunmasına ehtiyac olduğunu bildirib. O, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul olunması, onun ardınca qəbul olunan milli fəaliyyət planları, Nazirlər Kabinetinin qərarları, digər normativ xarakterli aktlar və əməli tədbirlər ilə dövlətin bu sahədə siyasi iradəsini ortaya qoyduğunu söyləyib. Əlavə edib ki, bu gün dövlət hesabına vəkil xidmətinin göstərilməsi kimi bir institut da formalaşıb və hazırda qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi davam etməkdədir.
Komitənin son illərki fəaliyyətini vurğulayan S.Hacıyev, nikah və nikahın pozulması hallarının qarşısının alınması ilə bağlı konfransdan sonra qanunverilikdə ciddi dəyişikliklərin olduğunu, eyni zamanda hazırda Ailə Məcəlləsinə böyük dəyişikliklər paketinin hazırlandığını qeyd edib. Bildirib ki, paket çərçivəsində məişət zorakılığının qarşısının alınması ilə bağlı xüsusi müddəalar və nizamlayıcı normaların Məcəlləyə daxil edilməsi nəzərdə tutulub.
O, çıxışının sonunda bir sıra məqamları, eləcə də icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinin önəmini vurğulayıb.
Təlim Gender və İnkişaf üzrə Dünya Bankının eksperti, Vəkillər Kollegiyasının üzvü, vəkil Xalisə Şahverdinin məişət zorakılığına dair dövlət orqanlarına edilən şikayətlərlə bağlı görülməli olan tədbirlər, məişət zorakılığından zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxışının təmin edilməsində hakimlərin, vəkillərin vəzifələri və rolu, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və digər mövzulara dair təqdimatı və qrup işləri ilə davam edib.
Göstərilən platformalarda paylaş: