ƏDLİYYƏ VƏ MƏHKƏMƏ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR VƏTƏNDAŞ MƏMNUNLUĞUNU ARTIRIR
30.08.2022Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və vətəndaşların bölgələrdə qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, xüsusilə Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılıb, ədliyyə fəaliyyəti ilə bağlı qaldırılan məsələlərin bəzilərinin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digərləri isə araşdırılması üçün nəzarətə götürülüb və müvafiq tapşırıqlar verilib.
Bölgə sakinləri dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, ölkə Prezidentinin tapşırıqlarına əsasən yerlərdə belə qəbulların təşkilindən məmnunluqlarını bildiriblər.
Səfər zamanı nazir bölgənin ədliyyə qurumlarına və məhkəmələrə, o cümlədən şəhərdə fəaliyyət göstərən regional apellyasiya, kommersiya və inzibati məhkəmələrə baş çəkərək iş şəraiti ilə tanış olub. Onun yaxşılaşdırılması üzrə tədbirlər müəyyən edilib, ədliyyə işçiləri və hakimlərlə müşavirələr keçirilib.
Müşavirələrdə çıxış edən nazir ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq qələbəmizdən danışıb, bu ərəfədə Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsinin dövlətimizin başçısının qəti siyasi iradəsinin və ölkəmizin uğurunun növbəti təzahürü olduğunu vurğulayıb. Azad edilmiş torpaqlarda dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və qısa müddətdə mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi xüsusilə qeyd olunub.
Respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ədliyyə və məhkəmə sistemində də islahatların davam etdirildiyi bildirilib, ötən ay dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələrinə və apellyasiya məhkəmələrinin yaradılmasının 15 illiyinə həsr olunmuş Şuşa Konfransına toxunulub, azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili ilə bağlı tədbirlər barədə məlumat verilib. Bildirilib ki, artıq Zəngilan rayonu Ağalı kəndinə qayıtmış sakinlərə bu günlərdə nazirlik tərəfindən səyyar ədliyyə xidmətlərinin göstərilməsi vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb. Belə xidmətlər digər azad edilmiş ərazilərimizdə də təşkil olunur.
Nazir ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, xüsusən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələblərini daim rəhbər tutmalarını ədliyyə işçilərinin diqqətinə çatdırıb, xidməti vəzifələrinin layiqincə yerinə yetirilmələri, icra intizamına və etik davranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıqlar verib.
Bölgədə fəaliyyət göstərən məhkəmələrin hakimləri ilə keçirilən müşavirədə dövlət başçısının tövsiyələrinə uyğun olaraq məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, işlərə daha keyfiyyətlə və operativ baxılması, hakimlərin iş yükünün azaldılması ilə bağlı görülən tədbirlər, həmçinin ötən ay ölkə Prezidenti tərəfindən yeni hakimlərin təyin olunması vurğulanıb.
Tədbirdə məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, insanlara qayğılı münasibət göstərilməsi ilə bağlı tövsiyələr verilib, habelə bir sıra məhkəmələrdə aparılmış monitorinqlər nəticəsində aşkar edilmiş nöqsanlar diqqətə çatdırılıb, qarşıda duran vəzifələr müzakirə olunub.
Göstərilən platformalarda paylaş: