ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

BEYNƏLXALQ ANTİKORRUPSİYA FƏALİYYƏTİNDƏ AZƏRBAYCAN MÜHÜM ROL OYNAYIR

25.01.2019
BEYNƏLXALQ ANTİKORRUPSİYA FƏALİYYƏTİNDƏ AZƏRBAYCAN MÜHÜM ROL OYNAYIR
BEYNƏLXALQ ANTİKORRUPSİYA FƏALİYYƏTİNDƏ AZƏRBAYCAN MÜHÜM ROL OYNAYIR

Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir, ölkəmiz Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir.

Cari il yanvarın 21-24-də BMT-nin Vyanadakı qərargahında IAACA-nın bir sıra iclasları keçirilib. Tədbirlərdə Azərbaycanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri qurumun vitse-prezidenti Fikrət Məmmədovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə respublika Baş prokurorunun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev, habelə nazirliyin və Baş Prokurorluğun məsul şəxsləri daxil olunub.

IAACA-nın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclasında əsas təşkilati məsələlərə baxılıb, o cümlədən Assosiasiyanın Ümumi Yığıncağı və İllik Konfransının gündəlikləri təsdiq olunub, təşkilatın Azərbaycanın təklifləri nəzərə alınmaqla razılaşdırılmış yeni Konstitusiyası Ümumi Yığıncağın müzakirəsinə çıxarılıb.

Sonra dünyanın 70 dövlətindən 260-dan çox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə, ixtisaslaşmış antikorrupsiya orqanlarının, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin, tanınmış hüquqşünasların və alimlərin iştirak etdiyi illik yığıncaqların təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuriy Fedotov, IAACA-nın prezidenti, Qətərin baş prokuroru Dr. Ali Al Marri və xüsusi qonaq qismində iştirak edən Malayziyanın Baş naziri Mahathir Məhəmməd çıxış ediblər.

Assosiasiyanın Ümumi Yığıncağında IAACA-nın yeni Konstitusiyası təsdiq edilib, təşkilatın gələcək fəaliyyətinə və antikorrupsiya tədrisinə dair proqramlar qəbul olunub, İcraiyyə Komitəsinin səlahiyyətlərinə dair məsələyə baxılıb.

İllik Konfransda BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının qəbul olunmasının 15 illiyi və bu müddət ərzində onun implementasiyası, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyində bu sosial bəla ilə mübarizənin rolu, həmçinin antikorrupsiya tədrisi, beynəlxalq əməkdaşlıq və s. bu kimi aktual məsələlər müzakirə olunub.

Qeyd olunmalıdır ki, plenar sessiyada BMT-nin rəsmiləri tərəfindən Azərbaycanın Assosiasiyaya yaradıldığı gündən daim göstərdiyi siyasi və əməli dəstəyi, habelə işinə verdiyi dəyərli töhfələri xüsusi vurğulanıb.

Konfransda ilk məruzə ilə Azərbaycan nümayəndə heyətinin rəhbəri, IAACA-nın vitse-prezidenti F.Məmmədov çıxış edib. Nazir korrupsiyanın ciddi təhlükəsindən danışaraq, BMT statistikasına əsasən onun beynəlxalq aləmə dünya ÜDM-nin 5%-ni təşkil edən 2.6 trilyon dollar ziyan vurduğunu qeyd edib. Çıxışda bu sosial bəlaya qarşı qlobal mübarizə tədbirlərindən, Korrupsiyaya qarşı Konvensiyanın dünyada implementasiyasının nəticələrindən, bu sahədə IAACA-nın mühüm rolundan və səmərəli fəaliyyətindən bəhs edilib, ölkəmizin Assosiasiya ilə fəal əməkdaşlığı qeyd olunub.

Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu və bu sahədə 2030-cu ilədək Gündəlikdən irəli gələn öhdəliklərin icrası ilə bağlı ölkə Prezidentinin Fərmanı ilə yaradılmış və Ədliyyə Nazirliyinin təmsil olunduğu Milli Əlaqələndirmə Şurasının fəaliyyətini qeyd edən nazir korrupsiyaya qarşı mübarizənin vacib hədəflərdən olduğunu, habelə Konvensiyanın implementasiyası ilə bağlı respublikamızda dövlət başçısının siyasi iradəsinə uyğun olaraq həyata keçirilən qəti tədbirləri diqqətə çatdırıb, genişmiqyaslı qanunvericilik və institusional islahatlar barədə məlumat verib, bu sahədə ölkəmizin nailiyyətlərini, o cümlədən ölkə Prezidentinin təşəbbüsü ilə yaradılmış və dünyada böyük marağa səbəb olan Azərbaycan brendi "ASAN xidmət"in müsbət təcrübəsini vurğulayıb.

Eyni zamanda, məhkəmə-hüquq islahatlarına toxunularaq məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, bu fəaliyyətdə şəffaflığın artırılması, beynəlxalq aləmdə təqdir olunan hakimlərin ən şəffaf seçim prosesi, İT texnologiyalarla təchiz olunmuş yeni məhkəmə infrastrukturun yaradılması və elektron məhkəmənin tətbiqi üzrə görülən əməli tədbirlərin korrupsiyanın qarşısının alınmasına xidmət etdiyi bildirilib.

Nazir ölkəmizin səmərəli beynəlxalq antikorrupsiya əməkdaşlığını qeyd edərək bu sahədə beynəlxalq təşkilatlarla müxtəlif təşəbbüslərindən danışıb.

Çıxışda tədbir iştirakçılarının diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamələrinə baxmayaraq Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalına və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına xüsusilə cəlb olunub.

Sonra müzakirələr keçirilib. İştirakçılar tərəfindən ölkəmizdə həyata keçirilən islahatlara maraq göstərilərək bu sahədə dövlət dəstəyinin əhəmiyyəti xüsusi vurğulanıb, müvafiq suallar cavablandırılaraq qeyd edilib ki, bütün bu islahatların təməlində və nailiyyətlərin qazanılmasında dövlətimizin güclü siyasi iradəsi dayanır.

Azərbaycan nümayəndə heyətinin üzvləri iclaslarda fəal iştirak edib, K.Əliyev çıxış edərək Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və rəhbərlik etdiyi İdarə tərəfindən görülən preventiv tədbirlərdən danışıb, bu işdə əsas vasitələrdən biri kimi tədrisin rolundan bəhs edib, göstərilən sahədə beynəlxalq antikorrupsiya treninqləri, o cümlədən ölkəmizin BMT-nin Vyanadakı Ofisi, Beynəlxalq Prokurorlar Assosiasiyası və Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyası ilə səmərəli əlaqələrini qeyd edib.

Yekunda Azərbaycan tərəfinin təklifləri nəzərə alınmaqla korrupsiyaya qarşı mübarizədə səylərin gücləndirilməsinə və antikorrupsiya qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına dair Bəyannamə qəbul olunub.

Səfər çərçivəsində bir sıra dövlətlərin ədliyyə, məhkəmə, prokurorluq və antikorrupsiya orqanlarının rəhbərləri, habelə beynəlxalq təşkilatların rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib, əməkdaşlığa dair faydalı danışıqlar aparılıb, ölkəmiz üçün prioritet olan sahələr üzrə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunub.

Tədbirlərdə ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov iştirak edib.