AZƏRBAYCAN RESPUBLİKASINDA KORONAVİRUS (COVID-19) İNFEKSİYASININ YAYİLMASI TƏHLÜKƏSİNİN QARŞISININ ALINMASI MƏQSƏDİ İLƏ MƏHKƏMƏLƏRDƏ HƏYATA KEÇİRİLMƏSİ ZƏRURİ OLAN TƏDBİRLƏR HAQQINDA
23.04.2020Q Ə R A R I
N 06
Bakı şəhəri | 23 aprel 2020-ci il |
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, eləcə də vətəndaşların və proses iştirakçılarının müraciətlərini nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
1. Azərbaycan Respublikasının bütün məhkəmələrinə tövsiyə edilsin:
1.1. Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;
1.2 . Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin;
1.3 Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilsin.
1.4.Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin.
2. Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.
3. Bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılsın, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilsin.
4.Hazırki Plenum qərarı 20 aprel 2020-ci il tarixindən 04 may 2020-ci il tarixinədək qüvvədədir.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri |
Ramiz Rzayev |
Göstərilən platformalarda paylaş: