AZƏRBAYCAN PREZİDENTİNİN FƏRMANI MƏHKƏMƏ HAKİMİYYƏTİNƏ İCTİMAİ ETİMADIN ARTMASINA XİDMƏT EDİR
25.07.2019Hakimlərin Seçki Komitəsinin iclası keçirilib. İclasda qeyd edilib ki, ölkəmizdə həyata keçirilən məhkəmə islahatları çərçivəsində məhkəmə sisteminin yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.
Hakimliyə namizədlərin Avropada müəyyən edilmiş ən mütərəqqi və şəffaf qaydalarla seçimi nəticəsində 3400-dən çox namizəd sırasından 415 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək uzunmüddətli təlimlər, məhkəmələrdə, habelə xarici dövlətlərdə təcrübə keçdikdən sonra hakim vəzifələrinə təyin edilib. Ötən il bu qaydalarla seçilmiş 108 nəfər hakimliyə namizədin təyinatı nəticəsində isə məhkəmə sistemində mövcud vakansiyaların tam əksəriyyəti komplektləşib, hakim korpusunun 70%-ni mütərəqqi qaydalarla seçilmiş gənc nəsl hakimlər təşkil edib.
Hakimlərin hədsiz yüksək olan iş yükünün azaldılması, süründürməçilik hallarının qarşısının alınması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03.04.2019-cu il tarixli Fərmanı ilə hakim ştatlarının sayı 200 vahid artırılıb, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.
Bununla əlaqədar hakimliyə namizədlərin seçimində çevikliyin artırılması, habelə namizədlər üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi Qaydalarına bu ərəfədə müvafiq dəyişikliklər edilib.
Hakimlərin Seçki Komitəsinin iclasında hakimlərin seçimi üzrə yeni müsabiqənin elan olunmasına dair təşkilati məsələlər müzakirə edilib.
İclasda çıxış edən Dövlət İmtahan Mərkəzinin məsul nümayəndəsi test imtahanının müasir üsullarla, hər bir namizəd üçün fərdi kompüterlər vasitəsilə keçirilməsinin, onun nəticələrinə dair məlumatın dərhal əldə edilməsinin mümkünlüyünü vurğulayıb. Artıq bir çox imtahanların bu qaydada keçirildiyini və 200-250 nəfərlik qruplarla belə imtahanların təşkili üçün hər cür şəraitin olduğunu bildirib.
Komitədə bu təcrübənin imtahanların mütəmadi və çevik keçirilməsində əhəmiyyəti qeyd edilib, hakimliyə namizədlərlə test imtahanının Dövlət İmtahan Mərkəzi tərəfindən bu üsulla keçirilməsi təqdirəlayiq bilinib və növbəti müsabiqənin elan olunması qərara alınıb.
Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədləri 25 iyul 2019-cu il tarixdən qəbul ediləcəkdir (Ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə). Namizədlər üçün əlverişli şəraitin yaradılması məqsədilə sənədlər həmçinin, Komitənin elektron poçt ünvanı vasitəsilə (hsk@jlc.gov.az) elektron qaydada da təqdim oluna bilər.
Elektron ərizə forması, habelə, tələb olunan sənədlərin siyahısı, imtahanların keçirilməsi tarixi, yeri, qaydası və digər aidiyyəti məsələlər barədə məlumatlarlar www.jlc.gov.az saytında mütəmadi dərc ediləcəkdir.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Hakimlərin Seçki Komitəsi
Göstərilən platformalarda paylaş: