ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASI KEÇİRİLİB

12.10.2022
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASI KEÇİRİLİB
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASI KEÇİRİLİB

Məhkəmə-Hüquq Şurasının iclasında dövlət başçısının 29.09.2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması böyük məmnuniyyətlə vurğulanaraq bu mühüm tarixi qərarın Heydər Əliyev irsinin öyrənilməsi və təbliği baxımından müstəsna əhəmiyyəti qeyd olunub, qarşıda duran vəzifələr müəyyən edilib.

Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov müasir müstəqil dövlətimizin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixində misilsiz rolundan, onun keçdiyi ibrətamiz həyat yolundan bəhs edib.

Milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən dahi öndərin bilavasitə rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatların həyata keçirilməsi, demokratik hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması, azərbaycançılıq ideologiyasının formalaşdırılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanması vurğulanıb.

Bildirilib ki, müasir hüquq sistemimizin formalaşması və inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin müəllifliyi ilə ilk milli Konstitusiya qəbul olunaraq bütün sahələrdə islahatlar aparılması üçün müvafiq komissiyalar yaradılıb. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən dahi öndər bu məqsədlə yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürüb.

Hüquq sistemimizin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunların qəbulu, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması və digər mütərəqqi tədbirlər Ulu Öndərin misilsiz fəaliyyətinin təzahürü olub. 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə seçkisi aparılaraq hakim korpusu 60 faiz təzələnib.

Ümummilli Liderin xalqımız qarşısındakı ən böyük xidmətinin özünün siyasi varisini ərsəyə gətirməsi olduğunu diqqətə çatdıran Şuranın sədri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müasir Azərbaycanımızı qüdrətli dövlətə çevirdiyini, Vətən müharibəsində parlaq qələbəmizlə doğma torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdiyini vurğulayıb.

Dahi liderin mütərəqqi ideyalarının və zəngin irsinin yaşadılmasında və geniş təbliğində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun mühüm xidmətləri xüsusi qeyd olunub.

Şurada təməli Ümummilli Lider tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarının ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun dərinləşdirilərək kompleks tədbirlər görüldüyü bildirilib.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 03.04.2019-cu il tarixli proqram xarakterli Fərmanının icrası çərçivəsində görülən işlərə toxunularaq cəza siyasətinin humanistləşdirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin geniş tətbiqi, yeni ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, özəl ekspertizanın və mediasiya fəaliyyətinin təsbit edilməsi ilə bağlı və digər əməli işlər qeyd olunub.

Dövlət başçısının kadr islahatlarına və gəncləşmə siyasətinə uyğun olaraq son iki ildə məhkəmə sistemində kadr korpusundan səmərəli istifadə edilərəkrəhbər hakim vəzifələri üzrə 50-dək mühüm təyinatlar aparılıb.

Eyni zamanda ötən dövrdə yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə hakimlərin seçilməsi qaydası təkmilləşdirilərək, bu proses fasiləsiz xarakter alıb, 1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim keçirilib. Bu çoxmərhələli prosesi, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 80-dən çox şəxs müxtəlif hakim vəzifələrinə təyin edilib. Hazırda 300-dək hakimliyə namizəd isə müsabiqənin müxtəlif mərhələsində, o cümlədən 40-dan çox namizəd təyinat ərəfəsindədir.

İclasda bütün hakim korpusunun 80%-nin məhz bu yeni üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil etdiyi, bununla məhkəmə sisteminin tərkibinin həmçinin gəncləşdiyi vurğulanıb.

Hakimlərin məsuliyyət hissinin artırılması məsələləri də daim diqqətdə saxlanılıb, hakim adına layiq olmayan şəxslər məhkəmə sistemindən kənarlaşdırılıb. Dövlət başçısının qeyd olunan Fərmanına əsasən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qəbul olunmuş yeni Qaydalarının bu sahədə səmərəli mexanizm rolunu oynadığı bildirilərək ötən il 230-dək hakimin fəaliyyətinin qiymətləndirildiyi və peşəkar çatışmazlıqlar aşkar edilən 10 hakimin səlahiyyətlərinə xitam verildiyi diqqətə çatdırılıb.

Şurada daha 90-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb. Fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilən 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib. Apellyasiya məhkəməsinin 2 hakiminin səlahiyyətlərinə ərizələrinə əsasən vaxtından əvvəl xitam verilib.

İclasda həmçinin, hakimlər haqqında başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, çəkişmə prinsipinə tam əməl etmədiklərinə və digər nöqsanlara görə 8 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, 1 nəfərin isə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul edilib.

Vətəndaşların haqlı narazılığını doğuran hallara, süründürməçiliyə və digər qanun pozuntularına yol verilməsinə görə apellyasiya və birinci instansiya məhkəmələrinin bəzi hakimləri barədə intizam icraatları başlanılıb.