AZƏRBAYCAN RESPUBLİKASI HAKİMLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
21.06.2023Eyni zamanda, Məhkəmə-Hüquq Şurasının formalaşmasının yeni qaydası, o cümlədən onun hər məhkəmə instansiyasından 3 hakim olmaqla, 9 hakim üzvünün və hüquq ictimaiyyətinin nümayəndəsinin Hakimlərin Konfransı tərəfindən seçilməsi müəyyən olunmuşdur.
Bu məqsədlə, cari ilin iyun ayının 21-də qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfrans öz işinə başlamışdır.
Konfransı təmsil olunan nümayəndələr sırasından ən qocaman hakim açaraq konfransın işinə uğurlar arzulamışdır.
Konfransda ilk növbədə işin təşkili ilə bağlı məsələlərə baxılmış, iştirakçılar tərəfindən konfransa sədrlik edən şəxs müəyyən edilmiş, hesablama komissiyasının sədri və üzvləri seçilmişlər.
Daha sonra Ali Məhkəmə, apellyasiya və birinci instansiya məhkəmələrinin konfransda təmsil olunan nümayəndələri tərəfindən ayrı-ayrılıqda Məhkəmə-Hüquq Şurası üzvlüyünə namizədlər irəli sürülmüşdür.
Konfransda təklif olunan namizədlər ətrafında müzakirələr aparılaraq, qanunda nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə seçkilər keçirilmişdir. Seçkilərin nəticələrinə əsasən Ali Məhkəmənin sədri İnam Kərimov, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərov və Mülki kollegiyasının sədri Sənan Hacıyev, apellyasiya instansiya məhkəmələri üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev və birinci instansiya məhkəmələri üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov, Lənkəran Rayon Məhkəməsinin sədri Kamran Süleymanov və Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əliyev Məhkəmə-Hüquq Şurasının üzvü seçilmişlər.
Həmçinin, konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilmişdir.
Göstərilən platformalarda paylaş: