HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ YAZILI İMTAHAN KEÇİRİLİB
01.12.2021Son dövrlər ərzində 900-dək namizəd müsabiqələrdə iştirak üçün sənədlərini təqdim edib, 44 nəfər seçilərək ölkə Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 125 nəfər namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədir.
Həmçinin 200-dək namizədlə ötən ay test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri ona dərhal elan olunub. 60 və daha artıq bal toplamış 93 nəfər namizəd növbəti mərhələyə - yazılı imtahana buraxılıb.
Dekabr ayının 1-də Dövlət İmtahan Mərkəzində həmin namizədlərlə yazılı imtahan keçirilib. İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.
4 saat davam edən imtahanda hakimliyə namizədlərə bu sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilən İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndiriləcəkdir.
Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və hakim olmaq arzusunda olan hüquqşünaslar müsabiqəyə dəvət olunurlar.
Göstərilən platformalarda paylaş: