HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ İLKİN TƏDRİSİN NƏTİCƏLƏRİ ÜZRƏ YAZILI İMTAHAN KEÇİRİLMİŞDİR
03.06.2023Dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Fərmanına uyğun olaraq vakant hakim vəzifələrinin, o cümlədən yeni ayrılmış hakim ştatlarının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür.
Son illər yeni nəsl hakim korpusunun formalaşdırılması məqsədilə 1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim prosesi keçirilmiş, 123 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilmişdir. 350-dən çox namizəd isə seçim prosesinin müxtəlif mərhələlərindədir.
Onlardan 33 nəfəri yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış və hakim vəzifəsinə hazırlanmaları üçün uzunmuddətli tədris kursunu və məhkəmələrdə, o cümlədən xaricdə stajkeçməni başa vurmuşlar.
Həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə tədrisin nəticələri üzrə onlarla Dövlət İmtahan Mərkəzində yazılı imtahan keçirilmişdir.
İmtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanmış, həmin suallardan cinayət və mülki sahəyə dair təsadüfi yolla ikisi seçilmişdir.
4 saat davam edən imtahanda namizədlər verilmiş kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdirmişlər.
Göstərilən platformalarda paylaş: