HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI
28.09.2019Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi həyata keçirilir.
Bu ayın 15-də 206 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində test imtahanı keçirilib. Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri dərhal elan olunub.
Test imtahanından 60 və daha artıq bal toplayaraq müsabiqənin növbəti mərhələsinə buraxılmış 158 nəfər hakimliyə namizədlə 28 sentyabr 2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzində yazılı imtahan keçirilib. Hakimlərin seçilməsi Qaydalarına uyğun olaraq imtahan başlamazdan əvvəl hazırlanacaq imtahan suallarının sayı ilə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən qərar qəbul edilib.
Bundan sonra Hakimlərin Seçki Komitəsi imtahan keçirilən binada, özünün qapalı iclasında sualları hazırlamış və onlar dərhal imtahan zalına gətirilmişdir. Namizədlər bu suallardan təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid olmaqla ikisini seçmişlər.
4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılmışdır.
Tam anonim olan cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra imtahan nəticələri elan olunacaqdır.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilmişdir.
Göstərilən platformalarda paylaş: