ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

30.12.2019
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ MƏLUMATI

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən Şuranın sədri Fikrət Məmmədov ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə təməli ümummilli liderimiz tərəfindən qoyulmuş islahatların ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf etdirildiyini, 2019-cu ildə isə bu islahatlarn müasir çağırışlara uyğun yeni mərhələyə keçdiyini vurğulayıb. Bu mənada «Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərman məhkəmə sisteminin müstəqilliyinin möhkəmlənməsində və inkişafında, hüquqların məhkəmə müdafiəsinin gücləndirilməsində müstəsna əhəmiyyət kəsb edib.

Fərmanın icrası üzrə ötən dövrdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülüb, yeni ixtisaslaşmış məhkəmələrin təşkili, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı 40-dək normativ aktın layihələri hazırlanıb və dövlət başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra yeni qanunlar qəbul edilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə regional məhkəmələr təsbit edilib.

Dövlət başçısının 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb, onların 2020-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlaması nəzərdə tutulub.

Yeni yaradılan məhkəmələrin fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi üzrə zəruri tədbirlər görülüb, məhkəmə aparatları formalaşdırılıb. Həmçinin, bu məhkəmələrin ərazi yurisdiksiyası və gözlənilən iş həcmi nəzərə alınmaqla hakim ştatlarının sayı müəyyən olunub.

Eyni zamanda bildirilib ki, Fərmanın icrası üzrə bu ərəfədə qəbul edilmiş vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı olan növbəti qanunvericilik paketi məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında, ədalətli məhkəmə araşdırması hüququnun tətbiq olunmasında müstəsna rol oynayacaq.

2020-ci ilin mart ayının 1-dən qüvvəyə minən yeni qanunvericiliyə uyğun olaraq məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə yeni mexanizmlər yaradılır, bu sahədə Ali Məhkəmə Plenumunun əhəmiyyəti artırılır, məhkəmə təcrübəsinə uyğun olmayan qərarların qəbul edilməsinin konkret hüquqi nəticələri, o cümlədən hakimlərin məsuliyyəti təsbit olunur.

Şurada yeni qanunvericilikdən irəli gələn məsələlərin vaxtında və düzgün icrası üzrə qarşıda duran vəzifələr müzakirə edilib, o cümlədən vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı məhkəmə monitorinqlərinin keçirilməsi qaydasının müəyyən olunmasına dair konkret tapşırıqlar verilib.

Eyni zamanda iclasda Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni yaradılmış İnzibati və kommersiya məhkəmələrinin hakimlərlə komplektləşdirilməsi məqsədilə mövcud hakim korpusunun tərkibi nəzərdən keçirilib. Müzakirələr aparılaraq inzibati və kommersiya məhkəmələrinə hazırki mərhələdə 42 hakimin təyin edilməsi, onların tərkibinin rayon (şəhər) məhkəmələrinin təcrübəli hakimləri hesabına möhkəmləndirilməsi məqsədəmüvafiq bilinib.

Bununla əlaqədar, hazırlanmış təkliflər dövlət başçısına təqdim olunub .

Təkliflər hazırlanarkən hakim kadrlarından daha səmərəli istifadə olunması məqsədilə müvafiq yerdəyişmələrin aparılması ehtiyacı nəzərə alınıb, habelə hakimlərin peşəkarlağına, müvafiq sahədə yüksək nəzəri və praktiki hazırlığına, mənəvi saflığına, etik davranışına xüsusi diqqət yetirilib.

Hər bir hakimin məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və etimadın möhkəmləndirilməsi üçün fəaliyyətində qanunçuluq, ədalət, qanun qarşısında bərabərlik, aşkarlıq və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etməsinin vacibliyi vurğulanıb.

Tədbirdə həmçinin ali və apelyasiya məhkəmələrinin 8 hakiminin son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xitam verilmiş və onların məhkəmə sistemində uzunmüddətli fəaliyyətləri dəyərləndirilmişdir.