Hakimlərin Seçki Komitəsinin məlumatı
01.05.2024Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir. Xəbər verildiyi kimi, sənəd qəbulu davamlı xarakter daşıyır və 350-dən artıq hakimliyə namizədlə növbəti test imtahanın cari ilin may ayının 5-də keçirilməsi nəzərdə tutulurdu.
Hakimlərin Seçki Komitəsi bildirir ki, keçirilməsi nəzərdə tutulan test imtahanında iştirak etmək istəyən hüquqşünasların çoxsaylı müraciəti, kifayət qədər vakant hakim vəzifələrinin mövcudluğu və imtahanın bir növbədə təşkil edilməsinin mümkünlüyü nəzərə alınaraq test imtahanı tarixinin 5 may 2024-cü il tarixindən 9 iyun 2024-cü il tarixinə dəyişdirilməsi ilə bağlı qərar qəbul olunmuşdur.
İmtahan Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ilə Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən Dövlət İmtahan Mərkəzinin binasında elektron formada keçiriləcək və saat 10:00-da başlanır.
Namizədlər imtahana buraxılış vərəqəsini imtahana 3-5 gün qalmış www.dim.gov.az saytı vasitəsilə əldə edə biləcəklər. Artıq buraxılış vərəqəsini əldə etmiş namizədlər isə həmin vaxt şəxsi kabinetlərinə daxil olub yeni buraxılış vərəqəsini çap etməlidirlər.
9 iyunda imtahanda iştirak etmək istəyən, lakin qeydiyyatdan keçməyən hüquqşünaslar sənədlərini 3 iyun 2024-cü il tarixinədək Hakimlərin Seçki Komitəsinə təqdim edə bilərlər.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62
Göstərilən platformalarda paylaş: