ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ DƏRİNLƏŞDİRİLMƏSİNƏ DAİR FƏRMANIN İCRASI ÜZRƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

23.01.2020
MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ DƏRİNLƏŞDİRİLMƏSİNƏ DAİR FƏRMANIN İCRASI ÜZRƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ DƏRİNLƏŞDİRİLMƏSİNƏ DAİR FƏRMANIN İCRASI ÜZRƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm "yol xəritəsi" olmaqla onun icrası üzrə ardıcıl tədbirlər görülür.

Ötən dövrdə Fərmanın icrası çərçivəsində yeni ixtisaslaşmış məhkəmələrin təşkili, cəza siyasətinin humanistləşdirilməsi, mülki prosessual qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə qərarlarının icrası və məhkəmə ekspertizası fəaliyyətinin yaxşılaşdırılması, habelə onların alternativ mexanizmlərinin, o cümlədən özəl icra və ekspertiza qurumlarının yaradılması və digər məsələlərlə bağlı 40-dək normativ aktın layihələri hazırlanıb. Artıq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra yeni qanunlar qəbul olunub.

Həmçinin hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilib, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırılıb. Hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilələrin qarşısının alınması və s. üzrə mühüm işlər görülüb, o cümlədən məhkəmələrdə nizam-intizamın gücləndirilməsi ilə bağlı yoxlamalar və monitorinqlər intensivləşdirilib, bu məqsədlə Məhkəmə-Hüquq Şurasında "qaynar xətt" və monitorinq sektorlar yaradılıb. Ötən müddətdə 50-ə yaxın məhkəmədə monitorinqlər aparılıb, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, digər tədbirlər görülüb.

Dövlət başçısının Fərmanı ilə artırılmış 200 hakim ştatlarının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə namizədlərin davamlı və daha çevik seçimi aparılır. Artıq imtahanlarda uğur qazanmış 200-ə yaxın hüquqşünas müsabiqənin növbəti mərhələlərində iştirak edirlər.

Bundan əlavə, iqtisadiyyatın inkişafında vacib rol oynayan sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə yeni regional kommersiya, habelə inzibati məhkəmələr yaradılıb. Onların işinin təşkili üzrə əməli tədbirlər görülüb, o cümlədən ərazi yurisdiksiyası, hakim və aparat işçilərinin ştat sayı müəyyən edilib, infrastruktur məsələləri həll olunub, zəruri avadanlıqla təmin edilib.

Cari ilin əvvəlindən fəaliyyətə başlayan həmin məhkəmələrə dövlət başçısının 30.12.2019-cu il tarixli sərəncamları ilə yüksək nəzəri və praktiki hazırlığa malik, təcrübəli hakimlər təyin olunublar.

Yeni yaradılmış məhkəmələrin hakimləri ilə görüşən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılmasına, insanlarının hüquqlarının məhkəmə müdafiəsinin etibarlı təmin olunmasına, müraciət imkanları artırılmaqla əlçatanlığın asanlaşdırılmasına xidmət etdiyini bildirib. Məhkəmə sisteminin səmərəliliyinin, vətəndaşların ədalət mühakiməsinə inamının və etimadının artırılmasının hakimlərin fəaliyyətindən bilavasitə asılı olduğunu vurğulayaraq dövlət başçısının bütün məhkəmə sədrlərinə və hakimlərə ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı verdiyi tövsiyələri diqqətə çatdırıb.

Həmçinin məhkəmə qərarlarının ədalətliliyinin təmin edilməsinin, qanunun tələblərinə ciddi riayət olunmasının, insanlara qayğılı münasibət və layiqli xidmət göstərilməsinin, vətəndaş məmnunluğunun yüksəldilməsinin hakimlərin ən ümdə vəzifəsi olduğu, kobud rəftar, süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi vurğulanıb, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması üzrə görülən tədbirlər qeyd olunub.

Bununla bağlı hər bir qanun pozuntusuna ciddi reaksiya verilməsinin, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin, təşəbbüskarlığın və prinsipiallığın artırılmasının vacibliyi bildirilib.

Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul şəxslərinin iştirak etdiyi görüşdə yeni təyinat almış hakimlərin qayğıları, işin təşkili vəziyyəti ilə maraqlanılıb, ortaya çıxan problemlərin operativ həllinə, qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb. Həmçinin yeni yaradılmış məhkəmələrdə əmək və icra intizamına nəzarətin gücləndirilməsi, məhkəmələrdə mütəmadi yoxlamaların və monitorinqlərin aparılması, vətəndaşların yerlərdə qəbullarının keçirilməsi ilə bağlı və digər konkret tapşırıqlar verilib.