ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARINA HƏSR OLUNAN ŞUŞA KONFRANSI KEÇİRİLİB

25.07.2022
MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARINA HƏSR OLUNAN ŞUŞA KONFRANSI KEÇİRİLİB
MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARINA HƏSR OLUNAN ŞUŞA KONFRANSI KEÇİRİLİB

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində Böyük Qələbə qazanan ölkəmiz özünün ən qüdrətli dövrünü yaşayır, azad edilmiş ərazilərimiz nəhəng bərpa-quruculuq işləri aparılmaqla yenidən dirçəlir. 2022-ci il “Şuşa İli” elan olunaraq 270 illiyini qeyd etdiyimiz Qarabağın tacı, mədəniyyət paytaxtımızda “Xarıbülbül” Beynəlxalq Festivalı, Vaqif Poeziya Günləri və digər mötəbər tədbirlər təşkil olunur.

“Şuşa İli” çərçivəsində iyulun 25-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə regional apellyasiya məhkəmələrinin 15 illiyinə həsr olunmuş “Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının mütərəqqi nəticələri” mövzusunda Şuşa konfransı keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Şuşa şəhərinə səfər edən konfrans iştirakçıları - ədliyyə işçiləri, hakimlər və ictimaiyyət nümayəndələri yolboyu erməni vəhşiliklərinin canlı şahidi olub, büsbütün dağıdılmış torpaqlarımızda aparılan misilsiz quruculuq işlərindən fəxarət hissi duyublar.

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Məhkəmə-Hüquq Şurasının üzvləri, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Vəkillər Kollegiyasının rəhbər şəxsləri, apellyasiya instansiyası məhkəmələrinin sədrləri, Qarabağ və Şərqi Zəngəzur üzrə ədliyyə və məhkəmə orqanlarının rəhbərləri, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən ədliyyə naziri konfrans iştirakçılarını Şuşada salamlamaqdan məmnunluğunu ifadə edərək doğma torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, qəhrəman zabit və əsgərlərimizin ölçüyəgəlməz igidliyi sayəsində işğaldan azad edildiyini, göstərdikləri rəşadətə görə minlərlə hərbçilərimizin orden və medallarla təltif olunduğunu qeyd edib, ədliyyə və məhkəmə işçilərinin də döyüşlərdə fəal iştirak edərək şücaət və fədakarlıq nümayiş etdirdiklərini, müharibəyə könüllü yollanan nazirliyin əməkdaşının şəhid olduğunu vurğulayıb.

Bildirib ki, şəhid ailələrinin, qazilərin qayğıları ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Həmin şəxslərin problemlərinə həssas münasibət hər bir kəsin vətəndaşlıq borcudur.

Dövlət başçısı və birinci xanım tərəfindən azad olunmuş bölgələrə müntəzəm səfərlər edilərək nəhəng quruculuq işlərinin aparıldığı, artıq sabiq məcburi köçkünlərin doğma torpaqlarımızda məskunlaşmağa başladığı qeyd edilərək Ağalı kəndinin sakinlərinin yeni inşa olunmuş “Ağıllı kəndə” köçməsi ilə Böyük Qayıdışın əsasının qoyulduğu diqqətə çatdırılıb.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi məhkəmə-hüquq islahatlarına toxunularaq, 2000-ci ildən fəaliyyət göstərən yeni, üçpilləli məhkəmə sisteminin, o cümlədən apellyasiya instansiyasının ötən dövrdə ədalət mühakiməsinə əlçatanlığın genişləndirilməsi məqsədilə təkmilləşdirildiyi, 35 məhkəmənin, xüsusilə 5 regional apellyasiya məhkəməsinin yaradıldığı vurğulanıb. 15 illiyi qeyd olunan həmin məhkəmələrin məhkəmə səhvlərinin aradan qaldırılmasında və müvafiq məhkəmə təcrübəsinin formalaşmasında mühüm rolu qeyd olunub.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” dövlət başçısının 3 aprel 2019-cu il tarixli proqram xarakterli Fərmanı xüsusi qeyd edilərək onun icrası çərçivəsində görülən kompleks qanunvericilik, institusional və praktiki tədbirlər barədə məlumat verilib, məhkəmə islahatlarımızın beynəlxalq maraq doğuraraq təqdir olunduğu vurğulanıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə fəaliyyətinin müasirləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışıb, 3 aprel tarixli Fərmana uyğun olaraq vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirildiyi, kassasiya instansiyası məhkəməsində işlərə baxılmasının xüsusiyyətləri barədə məlumat verib.

Tədbirdə, həmçinin Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Qarabağ regional ədliyyə idarəsinin rəhbəri Sübhi Kazımov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digərləri çıxış edib, məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması və əlçatanlığın yaxşılaşdırılması, o cümlədən ölkə Prezidentinin yenicə təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üzrə qarşıda duran vəzifələr müzakirə olunub.

Yekunda konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib, azad edilmiş torpaqlarda olmağın sevincini bəxş etdiyinə görə dövlətimizin başçısına dərin ehtiram ifadə olunub.

Səfər çərçivəsində tədbir iştirakçıları, həmçinin Şuşa şəhərində aparılan geniş miqyaslı quruculuq işləri, tarixi və mədəni abidələrimizlə tanış olub, maraqlı və yaddaqalan təəssürat yaşayıblar.

AZƏRTAC