MƏHKƏMƏ FƏALİYYƏTİ TƏKMİLLƏŞDİRİLİR
19.05.2020Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq ardıcıl tədbirlər görülür.
Dövlətimizin başçısının rəhbərliyi ilə korrupsiyaya qarşı ciddi mübarizə aparılaraq şəffaflıq, dürüstlük, qanunun aliliyi, ədalət və xalqa xidmət ilə bağlı hər bir dövlət məmuruna, xüsusilə hüquq tətbiqi orqanlarına qəti tapşırıqlar verilib və qarşıya mühüm vəzifələr qoyulub.
Ölkə Prezidentinin siyasi iradəsinə uyğun olaraq məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, insanların müraciətlərinə hər zaman həssaslıqla yanaşılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi daim diqqətdə saxlanılır.
Bu məqsədlə mayın 19-da dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
Tədbirdə Ali Məhkəmənin sədr müavini, Ali və Apellyasiya məhkəmələrinin kollegiya sədrləri, bütün apellyasiya, regional və digər birinci instansiya məhkəmələrinin sədrləri iştirak ediblər.
Çıxış edən F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafını, bütün sahələrdə aparılan islahatların müsbət nəticələrini qeyd edib, dünyada tüğyan edən COVID-19 infeksiyasının qarşısının alınması ilə bağlı qəti tədbirlərdən bəhs edib. Bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm sosial və digər layihələr əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynayır.
Müşavirədə dövlətimizin başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi islahatların məhkəmə-hüquq sistemini də əhatə etdiyi qeyd olunaraq, ölkə Prezidentinin bu sahədə “yol xəritəsi” olan 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti və onun icrası üzrə ardıcıl tədbirlər vurğulanıb.
Cari ildən yeni regional kommersiya və inzibati məhkəmələrin fəaliyyətə başlaması, həmin məhkəmələrə yüksək nəzəri və praktiki hazırlığa malik hakimlərin təyinatı, məhkəmə sisteminə əlçatanlığın asanlaşdırılması məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması, “Mobil məhkəmə” və mülki xarakterli işlərin elektron qaydada aparılmasına dair xüsusi proqramların istifadəyə verilməsinin ədalət mühakiməsinə əsaslı təsir göstərdiyi qeyd edilib. Fərmanla əlavə ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. Hazırda imtahanlardan uğur qazanmış 108 namizəd müsabiqənin müxtəlif mərhələlərindədir.
İclasda bu ərəfədə Ali və Apellyasiya məhkəmələrinə yüksək ixtisasa və nüfuza malik yeni nəsil gənc hakimlərin təyin olunduğu vurğulanıb, Ali Məhkəmənin yeni sədr müavini və kollegiya sədrləri təqdim edilib.
Müşavirədə məhkəmə-hüquq islahatlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, insan haqlarının etibarlı təmininə xidmət etdiyi bildirilərək məhkəmə hakimiyyətinə inamın və etimadın artırılmasının bilavasitə hakimlərin fəaliyyətindən asılı olduğu vurğulanıb.
Bu məqsədlə məhkəmələrdə nizam-intizamın gücləndirilməsi ilə bağlı yoxlama və monitorinqlər intensivləşdirilib, son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.
Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, 2 nəfərin səlahiyyətlərinə xitam verildiyi, 7 nəfərin tutduğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirildiyi, 7-sinin isə səlahiyyətlərinin uzadılmayaraq xitam verildiyi bildirilib.
İclasda dövlətimizin başçısının ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl olunması ilə bağlı verdiyi tövsiyələr diqqətə çatdırılıb.
Məhkəmə qərarlarının ədalətliliyinin və qanunun aliliyinin təmin edilməsinin, insanlara qayğılı münasibət və layiqli xidmət göstərilməsinin, vətəndaş məmnunluğunun yüksəldilməsinin hakimlərin ən ümdə vəzifəsi olduğu vurğulanıb. Süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi qeyd edilərək hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qəti tədbirlərin görüləcəyi bildirilib.
Ali Məhkəmənin sədri R.Rzayev ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə tapşırıqlarının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əhəmiyyətini, bu sahədə əlavə mexanizmlərin müəyyən olunduğunu, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının rolunu, yol verilən pozuntulardan ciddi nəticələr çıxarılmasının zəruriliyini qeyd edib.
Müşavirədə məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görülməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-prosessual münasibətlərin qarşısının qətiyyətlə alınması, etik davranış qaydalarına dürüst əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Məhkəmə sədrlərinə prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi bildirilib. Vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, ədalət mühakiməsinə ictimai etimadın artırılması ilə bağlı və digər tövsiyələr verilib.
Göstərilən platformalarda paylaş: