Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ FƏALİYYƏTİ MÜASİRLƏŞDİRİLİR

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə bir sıra aktual məsələlər müzakirə edilib.

Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov dahi öndər Heydər Əliyevin müəyyən etdiyi tərəqqi yolunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, hərtərəfli, o cümlədən sosial-iqtisadi sahədə aparılan islahatların müsbət nəticələrini qeyd edib. Fevralın 9-da azad və şəffaf şəraitdə keçirilmiş parlament seçkilərinin xalqımızın gələcək inkişaf kursu ətrafında həmrəyliyinin təzahürü olduğunu vurğulayıb.

Qeyd olunub ki, ötən il məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dərin islahatlar ili kimi yadda qalıb. Ölkə başçısının «Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında» 03.04.2019-cu il tarixli Fərmanı bu islahatların müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin güclənməsinə rəvac verib.

Fərmanın icrası üzrə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən yeni məhkəmələrin təşkili, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və digər məsələlərlə bağlı 40-dək yeni qanun layihələri hazırlanıb. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra mühüm qanunlar qəbul olunub. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha peşəkar və çevik baxılmasını təmin etmək məqsədilə regional kommersiya, habelə inzibati məhkəmələr yaradılıb, hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilib, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırılıb.

Yeni yaradılmış məhkəmələrin müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, aparatlarının formalaşdırılması üzrə zəruri tədbirlər görülüb. Şura tərəfindən onların ərazi yurisdiksiyası, hakim ştatlarının sayı müəyyən olunub. Cari ilin yanvar ayının 1-dən fəaliyyətə başlayan həmin məhkəmələr dövlət başçısının sərəncamları ilə yüksək nəzəri və praktiki hazırlığa malik hakimlərlə komplektləşdirilib.

Həmçinin, vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə işlək mexanizmlər müəyyən edilib, Ali Məhkəmə tərəfindən bu sahədə müvafiq monitorinqlər aparılması təsbit olunub. Bununla əlaqədar Şura tərəfindən monitorinqlərin keçirilmə üsullarını və hüquqi nəticələrini müəyyən edən Qaydalar qəbul olunub.

İclasda qeyd edilib ki, ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10.02.2017-ci il tarixli Sərəncamı ilə verilmiş tapşırıqların icrası çərçivəsində görülən tədbirlər real bəhrəsini verib. Cinayət qanunvericiliyinin dekriminallaşması nəticəsində 6.400-ə yaxın məhkum cəzadan tamamilə azad olunub və ya cəzası yüngülləşdirilib, istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı isə 20 faizədək azalıb. Azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilib, elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişlənərək, 3000-dən çox məhkuma elektron qolbaqlar tətbiq edilib.

Dövlətimizin başçısının humanistliyinin növbəti təzahürü olaraq 03.04.2019-cu il tarixli Fərmanla cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb, bununla əlaqədar qanunvericiliyə bütövlükdə 400-ə yaxın dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri hazırlanıb.

Eyni zamanda həmin Fərmanla ötən il hakimlərin ştat sayının mövcud korpusun üçdə biri qədər - 200 vahid artırılması məhkəmə sisteminin inkişafında mühüm hadisə olub. Yeni ayrılan ştatların komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçim qaydası təkmilləşdirilib, bu prosesdə çeviklik artırılıb. İmtahanların müasir texnologiyalar tətbiq edilməklə, 200-250 nəfərlik qruplarla, fasiləsiz olaraq keçirilməsi, namizədlərin sualları kompüter vasitəsilə cavablandırması və nəticələrin dərhal elanı təsbit olunub.

Ötən il hakimliyə namizədlərlə qeyd olunan üsullarla yazılı və şifahi imtahanlar keçirilib. İmtahanlarda uğur qazanmış 44 nəfər tədris kursuna buraxılıb. Namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında keçirilən həmin kursda nüfuzlu ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris olunur, namizədlərin məhkəmələrdə, həmçinin, beynəlxalq təcrübəni öyrənmələri məqsədilə xarici dövlətlərdə staj keçmələri təşkil olunur. Eyni zamanda növbəti müsabiqə üzrə yazılı imtahanlarda müvəffəqiyyət qazanan 64 nəfər hakimliyə namizədlə şifahi imtahanlara başlanılıb, sənədlərini təqdim etmiş daha 200 namizədlə isə test imtahanının keçirilməsi üzrə təşkilati tədbirlər görülür.

Ümumiyyətlə, son dövr ərzində obyektiv səbəblərlə yanaşı, görülmüş tədbirlər, o cümlədən yeni hakimlərin təyinatı, bir sıra işlərin məhkəmədən kənar asan həllinin müəyyən olunması, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat prosedurunun, iqtisadi işlər üzrə icraatın yalnız elektron aparılması qaydasının təsbit edilməsi nəticəsində hakimlərin mülki işlər üzrə iş yükü 2 dəfədən çox azalıb.

Yeni ayrılmış hakim ştatlarının komplektləşdirilməsi və cari ildən mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiya institutunun tətbiqinə başlanılması məhkəmələrdə iş yükünün bir az da azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına xidmət edəcəkdir.

Fərmanla qarşıya qoyulmuş məsələlərin həlli, o cümlədən məhkəmə fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması, aşkarlığın və qərəzsizliyin təmin edilməsi məqsədilə ötən il Şurada “Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi”, “İnformasiya texnologiyaları və innovasiyalar” sektorları təsis edilib. “Qaynar Xətt” yaradılaraq, 2500-dək müracətə baxılıb, 50-dən çox məhkəmədə monitorinq aparılıb. Aşkar edilən pozuntular hakimlərin və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb. Yol verilən nöqsanların yerində aradan qaldırılması məqsədilə hər həftə məhkəmələrdə qəbulların keçirilməsi təcrübəsi yaradılıb.

Ümumiyyətlə, ötən il fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verdiklərinə, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaratdıqlarına görə 48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. 18 hakimin səlahiyyət müddəti uzadılmayıb. Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Akademiyası ilə birgə 50-dən çox tədris tədbiri keçirilib.

İclasda ədalət mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin düzgün qurulması, onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə yararlılıqlarının müəyyən edilməsində mühüm mexanizm olan “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın layihəsi müzakirə olunmaqla qəbul edilib, onun elektron-proqram təminatı nümayiş etdirilib. Qaydaların tətbiqi ilə bağlı Şura Aparatında ayrıca qurum yaradılıb.

Ötən il həmçinin, dövlət başçısının tapşırıqlarına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, funksionallığının artırılması üzrə əməli tədbirlər görülüb, prosesdə mobil qaydada iştirak etməyə imkan verən "Mobil məhkəmə" proqram təminatı istifadəyə verilib. Şəffaflığın artırılması, məhkəmə fəaliyyəti barədə ictimaiyyətin geniş məlumatlandırılması məqsədilə media ilə işləyəcək hakimlər müəyyən edilərək, KİV təmsilçilərinə təqdim edilib.

Ölkəmizdə aparılan məhkəmə islahatı beynəlxalq aləmdə də təqdir olunur. Yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiqi Dünya Bankının "Doing Business 2020" hesabatında müsbət dəyərləndirilib. Eyni zamanda mütərəqqi təcrübəmizin yayılması Avropa Şurasında təşviq edilib.

İclasda həmçinin ölkə başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi, bütün sahələrdə dürüstlüyün və şəffaflığın təmin edilməsi ilə bağlı tapşırıqları qeyd olunub, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması üzrə qarşıda duran vəzifələr vurğulanıb. Yuxarı instansiya məhkəmələrinin diqqəti yol verilən pozuntulara cəlb edilməklə belə hallara qarşı prinsipiallığın artırılması diqqətə çatdırılıb.

Həmçinin, Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına, süründürməçilik və digər pozuntulara yol verdiklərinə görə Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyova töhmət verilib, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevaya və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

Çap et

10.03.2020
 













© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az