Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCANIN MƏHKƏMƏ SİSTEMİNDƏKİ NAİLİYYƏTLƏR AVROPA DÖVLƏTLƏRİNƏ PARLAQ NÜMUNƏDİR


Mətbuatda xəbər verildiyi kimi, bu yaxınlarda ölkəmiz Avropa Şurasının Ədliyyənin Kristal Tərəzisi müsabiqəsinin mükafatına layiq görülmüşdür. Bununla əlaqədar ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü, II dərəcəli dövlət ədliyyə müşaviri Azər Cəfərovun fikirlərini oxucularımızla bölüşmək istədik.

– Azər müəllim, ilk növbədə, Sizi və bütün kollektivinizi qarşıdan gələn peşə bayramınız münasibətilə təbrik edirik. Birinci sualımız ölkəmizin məhkəmə sahəsindəki nailiyyətlərinin mükafata layiq görüldüyü Avropa Şurasının Ədliyyənin Kristal Tərəzisi müsabiqəsi ilə bağlıdır. Bu müsabiqənin mahiyyəti barədə nə deyə bilərsiniz?

– Çox sağ olun. Qarşıdan 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü gəlir. Bir əsrə bərabər zəngin tarixi olan Azərbaycan ədliyyəsi bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövrünü yaşayır, mütərəqqi islahatlar aparılmaqla təkmilləşir və yeniləşir. Belə bir əlamətdar gündə ədliyyə və məhkəmə sisteminin nailiyyətlərindən söhbət açmaq olduqca xoşdur.

Qeyd etməliyəm ki, Avropa Şurasının Ədliyyənin Kristal Tərəzisi mükafatı ədalət mühakiməsinin həyata keçirilməsi, məhkəmə prosedurları və məhkəmələrin işinin təşkili sahəsində innovativ və effektiv təcrübələrin aşkarlanması və yayılması məqsədilə keçirilən bir müsabiqədir. Əvvəllər bu müsabiqə hər il keçirilirdi və mülki, cinayət mühakiməsi sistemlərinə həsr olunurdu. 2012-ci ildən etibarən isə iki ildən bir keçirilən müsabiqə ədliyyənin bütün sahələrini əhatə edir. Burada Avropa Şurasının üzv dövlətləri, eləcə də beynəlxalq təşkilatlar müxtəlif layihələrlə, nəticələrlə iştirak edir və həmin təcrübələr ədalət mühakiməsinin səmərəliliyinin artırılması naminə siyasətçilərin, habelə geniş hüquq ictimaiyyətinin diqqətinə çatdırılır.

Müsabiqədə təqdim olunan layihələr sırasından dörd ən qabaqcıl və səmərəli təcrübə müəyyən olunur. Bu zaman beş əsas meyar üzrə qiymətləndirmə aparılır: səmərəlilik, yenilik, davamlılıq, gələcək inkişaf imkanı və digər üzv-dövlətlərdə tətbiqinin mümkünlüyü.

Ölkəmiz də bu müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab adlı layihə ilə iştirak edərək mükafata layiq görülmüşdür.

– Necə oldu ki, müsabiqəyə məhz belə bir layihə ilə qatılmaq qənaətinə gəldiniz?

– Müsabiqəyə hazırlaşarkən əvvəlcə müxtəlif layihələr nəzərdən keçirilmişdir, lakin biz daha çox məhkəmə fəaliyyətinin səmərəli təşkili baxımından əhəmiyyətli ola biləcək, eyni zamanda Avropa Şurasının qiymətləndirmə meyarlarına uyğun layihə ilə iştirak etmək qənaətindəydik. Və nəhayət, biz Elektron məhkəmə informasiya sisteminin tərkib hissəsi olan Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab adlı layihənin üzərində dayanmağı lazım bildik. Bəllidir ki, ölkə Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə təsbit edilmiş Elektron məhkəmə informasiya sisteminin yaradılması üzrə əsaslı işlər görülür və artıq onun bir çox komponentləri məhkəmələrdə tətbiq olunur. Eyni zamanda, vətəndaşlara hüquqi xidmətlərin yaxşılaşdırılması məqsədilə 2011-ci ildən istifadəyə verilmiş məhkəmə sisteminin vahid internet portalı xeyli zənginləşdirilmiş, burada elektron şəxsi kabinet, eləcə də məhkəmələrdə elektron idarəetmənin aparılmasına xidmət edən Nəzarət pəncərəsi modulu yaradılmışdır. Bu sistem məhkəmə sədrinə işlərin təşkili və icrası vəziyyətinə elektron qaydada nəzarət etməyə imkan verir. Hakimlər isə bu modul vasitəsilə icraatında olan işlər, o cümlədən proseslərin təyin olunması müddəti, işə dair zəruri sənədlər və habelə prosessual pozuntulara yol verilməməsi barədə qabaqcadan məlumatlandırılırlar.

Bu sahədə islahatlara və tətbiq olunan yeniliklərə beynəlxalq marağın artmasını nəzərə alaraq, eyni zamanda, informasiya texnologiyalarının geniş vüsət aldığı müasir dövrdə elektron məhkəmə sisteminin mötəbərliyini, effektivliyini, məhkəmələrin idarə olunmasında mühüm rolunu təlqin və təşviq etmək üçün müsabiqəyə məhz bəhs etdiyimiz layihəni təqdim etdik.

Bildirmək istərdim ki, Məhkəmənin Nəbzi – İdarəetmədə İnqilab layihəsinin əsas mahiyyəti məhkəmə sistemində mütərəqqi elektron idarəetmənin tətbiq olunmasından ibarətdir. Elmi cəhətdən əsaslandırılmış bu sistem toplanan elektron statistik məlumatlar əsasında müxtəlif növ elektron analitik hesabatların hazırlanmasını, məhkəmə və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və onun məhsuldarlığının müəyyən edilməsini mümkün edir. Bununla məhkəmə sistemində strateji idarəetmənin və planlaşdırmanın səmərəliliyi əhəmiyyətli dərəcədə artırılır, daha geniş məlumat göstəriciləri üzrə qərar vermək imkanları yaradılır.

Ümumiyyətlə, məhkəmə fəaliyyətinin idarə olunması zamanı hakimlərin iş yükünün qiymətləndirilməsi, bu zaman icraatda olan işlərə baxılmasının tezliyi və keyfiyyəti, bu sahədə çatışmazlıqları aşkara çıxarmaqla zəruri tədbirlərin görülməsi, hakimlərin işinin səmərəliliyinin artırılması və bu kimi digər məsələlər hər zaman bütün dövlətləri düşündürmüş və bununla bağlı məhkəmə fəaliyyətinin qiymətləndirilməsinə dair metodologiyalar işlənib hazırlanmışdır. Yəqin siz də razılaşarsınız ki, qiymətləndirilə bilməyən fəaliyyətin idarə olunması olduqca çətindir.

Yeri gəlmişkən deyim ki, qiymətləndirmə metodologiyası ilə bağlı dünyada müxtəlif yanaşmalar mövcuddur. Məsələn, məhkəmə fəaliyyətinin elektron qaydada qiymətləndirilməsi sahəsində öz modelini yaratmış 3 əsas beynəlxalq təşkilat var: Avropa, Asiya, Avstraliya və ABŞ təşkilatlarının beynəlxalq konsorsiumu (IFCE), Amerika Birləşmiş Ştatları Məhkəmələrinin Milli Mərkəzi (NCSC) və Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ). Bu qurumlar qiymətləndirmə metodikasını müxtəlif indikatorlar üzrə aparır.

Ona görə də layihə təqdim olunmazdan əvvəl, doğru olaraq bu sahədə ixtisaslaşan beynəlxalq qurumların təcrübəsi nəzərdən keçirilmiş, Kanada, Avstriya, Bosniya və Avstraliyadan olan mütəxəssislərlə məsləhətləşmələr aparılmış və mütərəqqi tədqiqatlar öyrənildikdən sonra ölkəmiz məhkəmə fəaliyyətinin qiymətləndirilməsi sahəsində öz modelini yaratmışdır. Belə ki, Dünya Bankı ilə birgə həyata keçirdiyimiz Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsi çərçivəsində Azərbaycanın hüquq sistemi və ənənələri nəzərə alınmaqla 3 mühüm meyara (vaxt, keyfiyyət, məhsuldarlıq) əsaslanaraq 12 göstəricidən ibarət qiymətləndirmə metodikası işlənib hazırlanmışdır.

Artıq pilot qaydada məhkəmələrdə tətbiq olunan Məhkəmənin Nəbzi elektron idarəetmə sistemi Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, yuxarı instansiya məhkəmələri, məhkəmə sədrləri və hakimlərə imkan verir ki, onlar məhkəmənin, yəni hakimin fəaliyyəti üzrə qiymətləndirmə göstəriciləri, o cümlədən müxtəlif kateqoriyalara aid işlər üzrə məhkəmə ümumiləşdirmələrinə dair statistika ilə ani tanış olsunlar. Bununla da uzun müddət və bir neçə işçi qüvvəsi tələb edən statistika işinin aparılması xeyli asanlaşmış olur. Bu sistem, həmçinin hər hansı problemin yaranmasından öncə qabaqlayıcı tədbirləri görməyə imkan verir: məhkəmə büdcələrinin, hakim və məhkəmə işçisi ştatlarının məhkəmələrarası səmərəli bölüşdürülməsi, hakimlərin məhsuldarlığının müəyyən olunması və onların vəzifədə irəli çəkilməsi və s.

Bu sistemin tətbiqinin şəffaflığa, korrupsiyanın qarşısının alınmasına, ən əsası, məhkəmələrin səmərəli idarə olunmasına və fəaliyyətinin düzgün qiymətləndirilməsinə xidmət etməsi heç bir şübhə doğurmur.

Bu səbəbdən də seçimimiz uğurlu alındı və Avropa Şurasına təqdim etdiyimiz layihə müsabiqənin münsiflər heyəti tərəfindən mükafata layiq görüldü.

– Yəqin ki, qaliblər münsiflər heyəti tərəfindən təqdim olunan layihələrin qiymətləndirilərək seçilməsi nəticəsində müəyyənləşdirilir...

– Elədir. Müsabiqə Avropa Şurasının Katibliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti tərəfindən aparılır və onun tərkibi Avropa Şurasının nümayəndələrindən, nüfuzlu alimlərdən, hakimlər və digər hüquqşünaslardan formalaşdırılır. Bu tərkib hər müsabiqə üzrə fərqli olur və tərkib tam müstəqil fəaliyyət göstərir. 2017-ci ildə keçirilən müsabiqədə Münsiflər Heyəti İtaliya, Hollandiya, Yunanıstan, Xorvatiya, Norveç və İsveçrənin sayılıb-seçilən məhkəmə sədrləri və Ədliyyə nazirliklərinin rəhbər işçilərindən ibarət olmuşdur. Norveçdən olan üzv, həm də Avropa Şurası Avropa Hakimlərinin Məşvərətçi Şurasının prezidenti, İtaliyadan olan üzv isə Münsiflər Heyətinin sədri, CEPEJ-in Məhkəmə vaxtının idarəolunması üzrə SATURN Mərkəzinin prezidentidir.

Bu rəqabətə heç də həmişə bütün üzv-dövlətlər qoşula bilmirlər. Builki müsabiqəyə Avropa Şurasının 18 üzv dövlətindən, əsasən, Qərbi Avropa ölkələrindən və iki beynəlxalq təşkilatdan 37 layihə təqdim olunmuşdur.

Münsiflər Heyəti tərəfindən həmin layihələr, əvvəldə qeyd olunduğu kimi, beş əsas meyar üzrə qiymətləndirilərək onların içərisindən gizli səsvermə yolu ilə ilkin olaraq 10 layihə seçilir. Daha sonra növbəti mərhələdə mükafatlandırmaq üçün həmin layihələrdən 4-ü ən mütərəqqi və qabaqcıl layihə kimi seçilir və qalib gələn hər 4 dövlətin nümayəndəsi mükafatlandırma mərasiminə dəvət olunur.

Cari il sentyabrın 22-də Avropa Şurası Münsiflər Heyətinin Paris şəhərində keçirilmiş iclasının Qərarına əsasən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi Məhkəmənin Nəbzi - İdarəetmədə İnqilab adlı layihəsi məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək qalib gəlmiş 4 layihə sırasına daxil edilmişdir. Qalib gələn digər üç layihə Norveç, Bolqarıstan və İtaliya tərəfindən təqdim olunmuşdur.

Məlumat üçün deyim ki, hər il oktyabrın 25-i Avropa məkanında Avropa Ədliyyə Günü kimi qeyd olunur və Ədliyyənin Kristal Tərəzisi müsabiqəsinin mükafatlandırma mərasimi də ənənəvi olaraq məhz həmin ərəfədə keçirilir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Edinburq şəhərində tarixi Parlament Evində təşkil edilmiş builki mükafatlandırma mərasimində Avropa Şurasının rəsmiləri, Avropanın tanınmış hüquqşünas alimləri, Şotlandiyanın yüksək səviyyəli hakimləri, ədliyyə qurumlarının rəhbərləri və lordlar iştirak etmiş, ölkəmiz də nümayəndə heyətimizlə təmsil olunmuşdur.

Mərasimdən əvvəl təşkil olunmuş dəyirmi masada dünyada ədliyyə və məhkəmə sistemində həyata keçirilən islahatların prioritetləri barədə ekspertlərin iştirakı ilə müzakirələr aparılmışdır.

Ölkəmizin layihəsinin təqdimatı zamanı son illərdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, Elektron məhkəmə informasiya sisteminin tətbiqi və digər yeniliklər barədə məlumat verilmiş, dövlətimizin təqdim etdiyi layihənin əhəmiyyətindən danışılmışdır.

Tədbirdə məhkəmə sisteminin elektron idarə olunması sahəsində Azərbaycanın təcrübəsi Avropada təqdirəlayiq olduğu vurğulanmış və müvafiq mükafat təntənəli surətdə Azərbaycan tərəfinə təqdim olunmuşdur.

– Azər müəllim, sosial şəbəkələrin birində belə şayiəyə rast gəlinmişdir ki, guya Azərbaycan heç bir mükafat almamışdır. Buna münasibətiniz necədir?

– Əvvəldə söylədiklərimdən əmin olursunuz ki, bu, ictimaiyyəti çaşdırmaq üçün təhrif edilmiş fikirdən başqa bir şey deyildir. Ona görə də bu barədə çox danışmağa ehtiyac görmürəm. Ancaq düşünürəm ki, özünü azərbaycanlı hesab edən hər bir kəs bu uğura sevinməli və fəxr etməlidir. Bununla bağlı Avropa Şurasının internet saytından müfəssəl məlumat əldə etmək olar, orada hətta mükafatlandırma mərasimindən fotolar da yerləşdirilmişdir. İngilisdilli oxucularımız, internet istifadəçilərimiz bu xəbəri çox asanlıqla tapıb oxuya bilərlər.

Həqiqət isə budur ki, iştirakçısı olduğum həmin mükafatlandırma mərasimində gördüyünüz bu “Ədliyyənin Kristal Tərəzisi” mükafatı (müsahibim burada həmin mükafatı əyani şəkildə bizə nümayiş etdirir – red.) müsabiqənin Münsiflər Heyətinin rəhbəri tərəfindən Azərbaycana və digər qalib ölkələrin hər birinə ayrıca təqdim edilmişdir.

– Doğrudur. Əslində bu yüksək mükafat ölkəmizdə məhkəmə sistemində aparılan uğurlu islahatların beynəlxalq aləmdə etirafıdır...

– Əlbəttə. Heç də təsadüfi deyil ki, belə layihələr qiymətləndirilərkən, həm də ölkədə gedən inkişaf prosesi, aparılan mütərəqqi islahatlar izlənilir, nəzərdən keçirilir. Əldə olunan bu nailiyyət də məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlara verilən yüksək qiymətdir. Bu mükafat, həmçinin Azərbaycanın məhkəmə-hüquq sahəsində Avropa Şurası üzv-dövlətləri arasında ön sıralarda yer almasını təzahür etdirməklə əlaqələrimizin müsbət məcrada inkişafına verilən böyük töhfədir. Bununla Azərbaycanın adı Avropanın məhkəmə tarixinə qabaqcıl təcrübəyə malik olan ölkə kimi düşmüşdür.

Mükafatlandırma mərasimi zamanı Münsiflər Heyətinin rəhbəri ilə görüşümüzdə də ölkəmizə olan marağı açıq-aydın hiss etdik, Azərbaycanın sosial-iqtisadi tərəqqisi, mütərəqqi yeniliklər, müsbət nəticələr, o cümlədən milli brendimiz olan ASAN xidmətin vətəndaş məmnunluğu doğuran fəaliyyəti, respublikamızın mötəbər forumlara ev sahibliyi etməsi xoş təəssüratla qarşılanır.

Sözsüz ki, Azərbaycanın inkişafı, əldə etdiyi uğurlar fonunda məhkəmə-hüquq sisteminin də təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində islahatlar aparılmaya bilməzdi.

Qeyd etməliyəm ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimizin rəhbərliyi ilə inkişaf etdirilən köklü məhkəmə-hüquq islahatları aparılarkən Avropa Şurası ilə əməkdaşlıqda məhkəmə hakimiyyətinin müstəqilliyinin, şəffaflığının və əlçatanlığının təmin olunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilmişdir. İlk növbədə, məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazası beynəlxalq standartlara uyğun təkmilləşdirilmiş, yeni məhkəmələr və məhkəmə təsisatları yaradılmışdır. Təsadüfi deyil ki, Artıq 12 ildir ki, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası səmərəli fəaliyyət göstərir və bu gün Şura daha geniş səlahiyyətlərə malikdir. Elə həmin müddətdən ölkəmizdə hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydaları tətbiq olunur və bu prosedurlara uyğun seçimi aparan Hakimlərin Seçki Komitəsi uğurla fəaliyyət göstərir. Eyni zamanda, Avropa Şurasının sənədləri, həmçinin BMT-nin Banqalor prinsipləri nəzərə alınaraq işlənib təsdiq olunmuş Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə hakimlərimiz tərəfindən riayət olunmasına xüsusi diqqət yetirilir. Hakimlik fəaliyyətinin etik prinsip və standartlarının toplusu olan bu Kodeks spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.

Bununla yanaşı, Azərbaycanda yaradılmış və bir müddət əvvəl Hakimlərin İttifaqı kimi birləşmiş hakim assosiasiyaları fəaliyyət göstərir və bu assosiasiyalar məhkəmə sahəsində qanunvericilik islahatları prosesində fəal iştirak edir, təkliflərlə çıxış edir, həm hakimlər, həm də məhkəmə aparatı işçiləri üçün treninqlər keçirir, ictimai tədbirlər təşkil edirlər. Ümumi Məhkəmə Hakimləri Assosiasiyası həm də Beynəlxalq Hakimlər Assosiasiyasının tamhüquqlu üzvüdür.

Ümumiyyətlə, hakimlərin nəzəri bilik və peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilərək onların davamlı tədrisi yeni müasir metodika əsasında aparılır, öz həmkarları üçün treninq apara biləcək hakimlər formalaşır, həmçinin xarici dillərə, beynəlxalq təcrübəyə yiyələn hakimlərimizin sayı artır və bu gün artıq onlar konvensiyaları, Avropa Məhkəməsinin presedentlərini öyrənib uğurla tətbiq edirlər. Eyni zamanda, ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunaraq hazırda Yasamal Rayon Məhkəməsinin hakimi həm də Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidentidir. Bundan əlavə, dövlət başçısının təşəbbüsü ilə bir nəfər hakimimiz Strasburq Məhkəməsinə ezam olunmuş və bu təşəbbüs Avropa Məhkəməsinin sədri tərəfindən yüksək qiymətləndirilmiş, belə bir təcrübənin davam etdirilməsi barədə razılığa gəlinmişdir.

Bir cəhəti də qeyd edim ki, bu gün məhkəmələrin siması da dəyişir, infrastruktur yüksək statuslarına uyğun müasirləşdirilir. Artıq paytaxtda və müxtəlif bölgələrdə ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş müasir məhkəmə binaları və konseptual baxımdan yeni olan, dünyada nadir rast gəlinən məhkəmə kompleksləri tikilərək istifadəyə verilmişdir. Bu binaların böyük əksəriyyəti on ildən artıqdır səmərəli əməkdaşlıq etdiyimiz Dünya Bankı ilə birgə ədliyyə sisteminin müasirləşdirilməsinə dair layihələr çərçivəsində ərsəyə gəlmişdir. Təsadüfi deyil ki, Dünya Bankı bu layihələri ən uğurlu layihələrindən biri kimi qiymətləndirərək müasir məhkəmə infrastrukturunun yaradılması və vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi sahəsində innovasiyalara görə nominasiyaların qalibi elan etmişdir.
Bu sahədə nailiyyətlərimiz artıq digər dövlətlərin də diqqətini cəlb edir və onlar mötəbər beynəlxalq qurumların tövsiyəsi ilə ölkəmizin müsbət təcrübəsindən bəhrələnirlər. Təkcə bu yaxınlarda Avropa Şurasının müraciəti əsasında nümayəndə heyətimiz Moldovaya səfər edərək məhkəmə infrastrukturunun yaradılması sahəsində müsbət təcrübəmizi oradakı həmkarlarımıza aşılamışlar. Eyni zamanda, Dünya Bankının tövsiyəsi ilə Rusiya Federasiyası Moskva Şəhər Məhkəməsinin sədri xanım Olqa Yeqorovanın başçılıq etdiyi rəhbər vəzifəli şəxslərdən ibarət geniş nümayəndə heyəti ölkəmizə səfər edərək məhkəmə sistemindəki yenilikləri, o cümlədən elektron məhkəmənin tətbiqi təcrübəsini öyrənmişdir.

Göründüyü kimi, aparılan islahatlar az deyil və bu proses bu gün də davam edir. Ölkə Prezidentinin cari ilin fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı da bu sahədə islahatların yeni məcrada həyata keçirilməsinə rəvac vermiş və bu mühüm sənədin icrası üzrə əhatəli tədbirlər həyata keçirilməkdədir.

– Azər müəllim, dövlət başçısının qeyd olunan Sərəncamının icrası ilə bağlı görülən işlər barədə də bir qədər ətraflı məlumat verməyinizi istərdik.

– Ulu öndər Heydər Əliyevin humanizm siyasətinə sadiq qalan möhtərəm Prezidentimiz tərəfindən hər il əfv sərəncamları imzalanır və deyə bilərik ki, artıq bu bir ənənəyə çevrilmşdir. Həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 4 amnistiya qərarı cinayət törətmiş minlərlə insanın azadlığa qovuşmasına xidmət etmişdir.

Ölkə başçısının imzaladığı 2017-ci il 10 fevral tarixli Sərəncamı humanist siyasətin növbəti təzahürü olmaqla məhkəmə-hüquq islahatlarının yeni mərhələdə davamıdır.

Cəza siyasətini həyata keçirən dövlət orqanları üçün yol xəritəsi rolunu oynayan proqram xarakterli Sərəncamda üç əsas istiqamət müəyyən edilmişdir: cinayət və cinayət prosessual qanunvericiliyinin təkmilləşdirilməsi, cəmiyyətdən təcrid etmədən məhkumların islahını təmin edən institusional islahatların həyata keçirilməsi, penitensiar sahənin inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi.

Qeyd edilməlidir ki, Sərəncamın qəbulundan dərhal sonra Ədliyyə Nazirliyi tərəfindən Ali Məhkəmə və Baş Prokurorluqla birgə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunvericilik və məhkəmə-istintaq təcrübəsi əhatəli təhlil olunaraq Cinayət və Cinayət-Prosessual məcəllələrinə mühüm dəyişiklikləri nəzərdə tutan yeni qanun layihələri hazırlanmış və dövlət başçısına təqdim olunmuşdur. Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Cinayət Məcəlləsinə artıq 300-ə yaxın dəyişiklik edilmişdir. Əminliklə deyə bilərik ki, Cinayət Məcəlləsinin qüvvəyə mindiyi 2000-ci ildən bu günədək ona bu qədər əhatəli və konseptual dəyişiklik edilməmişdir.

Xatırlatmaq istərdim ki, ötən ilin mayında da cinayət qanunvericiliyinə xeyli dəyişikliklər olunmuş və bu zaman cinayət tərkiblərinin bir çoxu dekriminallaşdırılmışdır. Daha əvvəl isə Cinayət Məcəlləsindən döymə norması çıxarılmışdır.

Hazırkı dəyişikliklərə gəldikdə isə, Məcəllədə 15 cinayət tərkibi dekriminallaşdırılmış, 3 maddə üzrə məsuliyyətin yaranmasına səbəb olan məbləğin artırılması ilə bu əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçmişdir. Beləliklə, dekriminallaşma yalnız maddələrin ləğv edilməsi ilə deyil, həmçinin cinayət tərkibinin yaranması üçün tələb olunan ziyanın məbləğinin artırılması ilə həyata keçirilmişdir.

Bundan başqa, zərərçəkmiş şəxslə barışmaqla cinayət məsuliyyətindən azadetmə institutu təkmilləşdirilmiş, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azadetməni nəzərdə tutan yeni normalar müəyyən edilmişdir.

Qanuna əsasən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə cəmiyyətdən təcridetmə ilə bağlı olmayan yeni cəza növü müəyyən edilmiş və 158 maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən yeni cəza növü olan azadlığın məhdudlaşdırılması əlavə edilmiş, 36 cinayətə görə isə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilmişdir.

Narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə qarşı münasibət də humanistləşdirilərək əməlində başqa cinayət tərkibi olmayan belə şəxslərin bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla tam sağaldığı halda cinayət məsuliyyətindən azad olunması müəyyən edilmişdir.

Eyni zamanda, ictimai işlər cəzasının səmərəli tətbiqi məqsədilə qanunvericilik təkmilləşdirilmiş, ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınmasına yönələn tədbirlər çərçivəsində 2017-ci il 20 oktyabr tarixli Qanunla İnzibati Xətalar Məcəlləsinə ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən yeni norma əlavə olunmuşdur. Həmçinin Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli Qərarı ilə İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası təsdiq edilmişdir.

Bundan başqa, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişikliklər hazırlanmış, bir çox düzəlişlərlə yanaşı, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin geniş tətbiqinə imkan verən elektron nəzarət vasitələri ilə bağlı müddəalar nəzərdə tutulmuşdur.

Sərəncamda verilmiş tapşırıq və tövsiyələrin icrası nəticəsində məhkəmələrin cəza siyasətində azadlıqdan məhrumetməyə, habelə həbs qətimkan tədbirinin seçilməsinə münasibət xeyli dəyişmiş, ötən müddət ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalmış və bu gün də azalmaqda davam edir. Həmçinin həbsdən azad edilmiş insanların sayı xeyli artmışdır.

Qeyd olunan bütün bu innovativ dəyişikliklər artıq cəmiyyətimizdə alqışla qarşılanmış və ümid edirik ki, gələcəkdə bu dəyişikliklərin tətbiqində müsbət nəticələr əldə olunacaqdır.

Sərəncamın əsas yeniliklərindən biri də ölkəmiz üçün yeni olan Probasiya xidmətinin yaradılması, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələrinin tətbiq olunmasıdır. Bununla bağlı beynəlxalq təcrübə öyrənilərək, elektron qolbağın nümunələri pilot qaydada sınaqdan keçirilmiş və hazırda ölkəmiz üçün daha uyğun modelin müəyyən olunması üzrə işlər yekunlaşdırılır.

Möhtərəm Prezidentimizin cari il noyabrın 7-də imzaladığı Ədliyyə orqanlarının inkişafı haqqında Fərmana dəyişikliklərlə nazirliyin aparatında ayrıca baş idarə səlahiyyətli Probasiya xidmətinin yaradılması bu qurumun fəaliyyətinin səmərəli və mütəşəkkil qaydada təmin olunmasına imkan verəcəkdir.

Eyni zamanda, dövlət başçısının tapşırıqlarına uyğun olaraq penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi, xidmətin peşəkar kadr korpusunun formalaşdırılması diqqətdə saxlanılmış, cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməyə cəlb olunması, istehsal sahələrinin artırılması ilə bağlı əməli tədbirlər görülmüşdür.

Yekunda vurğulamaq istərdim ki, artıq Sərəncamın icrası üzrə görülən işlər öz müsbət nəticələrini verir və əminik ki, bu mühüm sənədlə qarşımızda duran hər bir konkret vəzifə cənab Prezidentin tapşırıqlarına uyğun olaraq qısa müddətdə öz həllini tapacaqdır.

Çap et

24.11.2017
 




© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az