Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ-HÜQUQ ŞURASININ SƏDRİ LONDONDA KEÇİRİLƏN QLOBAL HÜQUQ SAMMİTİNDƏ İŞTIRAK EDİB

Bu günlərdə Böyük Britaniyanın paytaxtı London şəhərində Böyük Azadlıqlar Xartiyasının (Magna Carta) 800 illiyinə həsr olunan Qlobal Hüquq Sammiti keçirilib.

1215-ci ildə imzalanmış Magna Carta İngiltərə konstitusiya hüququnun əsas aktlarından biri olmaqla, sonrakı dövrdə insan hüquq və azadlıqlarının inkişafında mühüm rol oynayıb.

Sammitdə ölkəmizi ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə təmsil edib. Dünyanın 110 dövlətindən 2300 nümayəndənin, o cümlədən 90-dan çox ədliyyə nazirlərinin və baş prokurorların, eləcə də görkəmli hüquqşünasların və ictimai-siyasi xadimlərin iştirak etdiyi bu mötəbər forumun açılışında Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi, lord kansler Kris Kreylinq və Ali Məhkəmənin sədri Lord Tomas, ABŞ-ın Baş prokuroru Erik Holder, Qazaxıstanın baş naziri Karim Massimov çıxış ediblər.

Tədbirin açılışından sonra sammitdə iştirak edən ədliyyə nazirlərinin və baş prokurorların Bukingem sarayında Böyük Britaniyanın və Şimali İrlandiyanın Kraliçası II Yelizaveta tərəfindən qəbulu keçirilib. Qəbulda Azərbaycanın ədliyyə naziri F.Məmmədov da iştirak edib.

Sammitdə qanunun aliliyinin qorunması, insan hüquqları, ədalət mühakiməsinə çatımlılıq, bu sahədə qabaqcıl İKT-lərin tətbiqi, beynəlxalq hüquqi əməkdaşlıq, hüquqşünasların tədrisi və s. aktual məsələlər müzakirə olunmuşdur.

Tədbir çərçivəsində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri F.Məmmədov Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi, lord kansler K.Kreylinq, ədliyyə üzrə dövlət naziri Saymon Hyuz və Ali Məhkəmənin sədri Lord Tomas ilə görüşüb.

Sammitdə və görüşlərdə ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən "elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə görülən işlər, hakimlərin Avropada ən şəffaf seçimi, tədris tədbirləri və s. barədə məlumat verilib, bu sahədə qazanılmış nailiyyətlərə maraq göstərilib, əməkdaşlığa dair müzakirələr keçirilib.

Səfər zamanı, həmçinin bir sıra dövlətlərin ədliyyə nazirləri və baş prokurorları ilə görüşlər keçirilib, qarşılıqlı fəaliyyətə dair faydalı fikir mübadiləsi aparılıb.

Tədbirlərdə ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə iştirak edib.

Çap et

02.03.2015
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az