Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin seçimi davam edir.
Mətbuatda xəbər verildiyi kimi test imtahanında müvəffəqiyyət qazanmış 213 nəfər hakimliyə namizədlə şəffaf prosedurlar əsasında yazılı imtahan keçirilmiş, imtahanın nəticələrinə görə 111 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanmışdır.
Yazılı imtahanın nəticələrinə görə müvafiq bal toplaya bilməmiş və bununla əlaqədar apellyasiya qaydasında müraciət etmiş 2 nəfər hakimliyə namizədin ərizələrinə Hakimlərin Seçki Komitəsi tərəfindən onların və müşahidəçilərin iştirakı ilə baxılmışdır.
Həmin hakimliyə namizədlər öz cavab vərəqələri ilə tanış edilmiş, yol verdikləri səhv və nöqsanları diqqətlərinə çatdırıldıqdan sonra onlar imtahan nəticələri ilə tam razılaşmışlar.
Test üsulu ilə və yazılı imtahanlarda uğur qazanmış hakimliyə namizədlərlə sentyabrın 14-dən şifahi imtahanlar başlamışdır. Müşahidəçilərin iştirakı ilə, açıq şəkildə keçirilən imtahanlar zamanı namizədlərə hüquq sahəsinə aid suallar verilir, habelə onların bilik səviyyəsi ilə yanaşı məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünya görüşü müəyyən edilir.