Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AMERİKALI HAKİM AZƏRBAYCANDA HAKİMLİYƏ NAMİZƏDLƏRİN SƏVİYYƏSİNDƏN RAZIDIR
Amerikalı hakim Azərbaycanda hakimliyə namizədlərin səviyyəsindən razılıq edir.

"Hakimliyə namizədlərin səviyyəsindən razıyam. Onlarda böyük həvəs var, onlar savadlı, cəsarətli və biliklidirlər", - deyə çərşənbə günü Trend News-a amerikalı hakim Helen Berriqan bildirib.

Amerikalı hakimlər Helen Berriqan və Lərri Boyle Məhkəmə-Hüquq Şurası və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə hakimliyə namizədlər üçün keçirilən təlimlərdə iştirak edirlər. Hakimliyə namizədlərə keçirilmiş imtahanlarda uğur qazanmış 80 nəfər namizədə Ədliyyə Akademiyasında təlimlər başlayıb.

Xanım Berriqan hakimliyə namizədlərin təlimlərdə aktivlik nümayiş etdirdiyini, müzakirə olunan məsələlərlə bağlı əsaslandırılmış şərhlər, suallar verdiklərini deyib. "Onların sualları hərtərəfli, problematikdir və adamı düşünməyə vadar edir," - deyə hakim bildirib.

Ameriaklı hakim deyib ki, hakim savadlı, zəhmətkeş, cəsarətli və vicdanılı olmalıdır. Onun sözlərinə görə, qeyd olunan amillər hakim üçün xarakterik xüsusiyyətlərdir. O, Azərbaycanda qadın hakimlərin sayının çox olmasını arzu edir.

Berriqan Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarını da yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı qəbul edilən qanunlar hərtərəfli işlənib və demokratikdir.

O, cinayət prosesinin iştirakçılarının hüquqlarının təminatı baxımından qanunvericilikdə müəyyən müddəaların olmasını yüksək qiymətləndirib və bəzi müddəaların ABŞ qanunvericiliyində olmadığını deyib. "Məsələn, Azərbaycan qanunvericiliyinə görə, axtarış bitərəf hal şahidinin iştirakı ilə aparılmalıdır. Hal şahidinin iştirakı axtarışı daha etibarlı edir. Bu müddəa ABŞ-da yoxdur. ABŞ-a qayıdanda bu müddəanın bizim qanunvericiliyə də salınmasını təklif edəcəm", - deyə amerikalı hakim vurğulayıb.

"Qərarların qəbulu, məhkəmə iclaslarının idarə olunması və məhkəmə çəkişməsi" mövzusunda təşkil olunmuş təlimdə məhkəmə qərarlarının tərtibi, məhkəmə iclaslarının idarə olunması, hakimlərin etik davranışı, çəkişmə prinsipinin təmini, korrupsiya ilə mübarizə məsələlərinə xüsusi diqqət yetirilir, namizədlərin hakimlik vərdişlərinə yiyələnmələri məqsədilə səhnələşdirilmiş məhkəmə prosesləri keçirilir.

Təlim ABŞ Ədliyyə Departamentinin və Məhkəmə-Hüquq Şurasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Təlim dekabrın 14-də başlayıb və dekabrın 18-dək davam edəcək.

Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlər üçün indiyədək iki müsabiqə keçirilib və 157 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə təyin olunub.

16 dekabr / Trend News, K.Zərbalıyeva/

Çap et

16.12.2009
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az