Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
AZƏRBAYCAN - BOLQARISTAN: ƏMƏKDAŞLIQ GENİŞLƏNİR

Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin inkişafı çərçivəsində 2007-ci ildə Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Saziş imzalanmış, bu dövlətin ədliyyə naziri ölkəmizə səfər etmişdir. Qarşılıqlı fəaliyyətin davamı olaraq Bolqarıstanın ədliyyə naziri xanım Diana Kovaçevanın dəvəti ilə respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə oktyabrın 22-24-də bu ölkədə səfərdə olmuşdur.

Ədliyyə nazirləri arasında keçirilmiş görüşdə ölkələrimiz arasında hərtərəfli əlaqələri qeyd edən nazir F.Məmmədov ümummilli lider Heydər Əliyevin 1995-ci ildə Bolqarıstana səfərini xatırladaraq dövlətlərimiz arasında hüquqi əməkdaşlığa dair mühüm dövlətlərarası müqavilələrin imzalandığını, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatlarını, hakimlərin seçim prosesinin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirildiyini vurğulamış, elektron ədliyyənin inkişafı, eləcə də penitensiar islahatlar barədə geniş məlumatlar vermişdir.

Azərbaycanla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən xanım D.Kovaçeva ölkəsində aparılan hüquqi islahatlar zamanı Azərbaycanın müsbət təcrübəsindən faydalanacağını vurğulamışdır. Bolqarıstanlı nazir ölkəmizin ədliyyə və məhkəmə sistemindəki nailiyyətlərinə böyük maraq göstərərək onlarla yerində tanış olmağın əhəmiyyətini bildirmişdir.

Səfər zamanı Azərbaycan ədliyyə naziri Bolqarıstanın Hökumət başçısı Boyko Borisov tərəfindən qəbul olunmuşdur. Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğunu söyləyən ölkə rəhbəri dövlətlərimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulamışdır. Baş nazir ölkəsinin Avropada Azərbaycanın etibarlı dostu olduğunu bildirərək, bu ilin aprelində Bakıya etdiyi səfərini ən xoş təəssüratlarla xatırlatmış, ölkə Prezidenti cənab İlham Əliyevlə şəxsi səmimi əlaqələrini qeyd edərək dövlətimizin başçısına salamlarını çatdırmışdır. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə yüksələn xətlə inkişafı və bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, ədliyyə və məhkəmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmışdır.

Nazir F.Məmmədov həmçinin Bolqarıstan Xalq Məclisinin Sədri xanım Tsetska Tsaçevlə görüşmüşdür. Azərbaycanla əməkdaşlığın genişlənməsinin Bolqarıstanın dövlət siyasətinin əsas prioritetlərindən olduğunu bildirən Parlament sədri bu ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırladaraq, ölkəmizin sürətli iqtisadi tərəqqisinin şahidi olduğunu vurğulamış, parlamentlərarası əməkdaşlıq səviyyəsini və dostluq qruplarının səmərəli fəaliyyətini yüksək qiymətləndirmişdir.

Sonra Bolqarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Rəmzi Osmanla işgüzar görüş keçirilmiş, ölkələrimiz arasında dərin tarixə malik olan əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir.

Səfər çərçivəsində Bolqarıstanın Konstitusiya Məhkəməsinin sədri Yevgeniy Tançev, Ali Kasassiya Məhkəmənin sədri Lazar Qruyev, Baş Prokuror Boris Velçev ilə, habelə Ali Məhkəmə Şurasında, Milli Ədliyyə İnstitutunda görüşlər keçirilmişdir. Tədbirlərdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, elektron xidmətlərin göstərilməsi, hakimlərin tədrisi və etik davranışı müzakirə edilmiş, Azərbaycanda dövlət başçımızın siyasi iradəsi ilə korrupsiya ilə qəti mübarizə aparıldığı, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradılması diqqətə çatdırılmış, beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunmuşdur.

Eyni zamanda, Bolqarıstanın ən böyük məhkəməsi olan Sofiya Şəhər Məhkəməsinə baş çəkilmiş, onun fəaliyyəti ilə tanış olunmuşdur.

Səmimi və dostluq şəraitində keçirilən bütün görüşlərdə Azərbaycanda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarına, xüsusilə hakimlərin seçim prosesinə və elektron ədliyyənin tətbiqinə böyük maraq göstərilmişdir. Həmçinin, həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20%-nin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunmuşdur.

Bolqarıstanın regionları ilə tanışlıq məqsədilə Qabrovo vilayətinə səfər edilmiş, vilayətin başçısı, şəhərin meri, dairə məhkəməsinin sədri və prokuroru, bələdiyyələr ilə keçirilmiş görüşlərdə təcrübə mübadiləsi aparılmış, habelə Şəki ilə qardaşlaşmış şəhər olan Qabrovonun mədəni-tarixi abidələri ilə tanış olunmuşdur.

Tədbirlərdə ölkəmizin Bolqarıstandakı səfiri Emil Kərimov iştirak etmişdir.

Çap et

29.10.2012
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az