Əsas səhifə Saytın xəritəsi E-müraciət Qəbul Axtarış Əlaqə Linklər

    
        www.heydar-aliyev.org

    
               www.president.az

    
             www.azerbaijan.az

    
             www.courts.gov.az

    
        www.constcourt.gov.az

    
   www.supremecourt.gov.az

    
             www.justice.gov.az

    
                www.e-qanun.az


  Yeni:  
MƏHKƏMƏ SİSTEMİNDƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ GÜCLƏNDİRİLİR

Məhkəmə-Hüquq Şurasının məhkəmə sistemində korrupsiya ilə mübarizəyə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda Ali Məhkəmənin, bütün apellyasiya instansiyası məhkəmələrinin rəhbərliyi, ixtisaslaşmış, habelə rayon (şəhər) məhkəmələrinin sədrləri iştirak etmişlər.

Tədbirdə ölkəmizdə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf nəticəsində son illər Azərbaycanın dünyada analoqu olmayan tərəqqiyə nail olması, onun iqtisadi potensialının dəfələrlə yüksəlməsi, o cümlədən yoxsulluq səviyyəsinin 4-5 dəfə azalaraq 9,1 faizə enməsi, dövlət büdcəsinin 15 dəfəyədək artması qeyd edilmişdir.

Beynəlxalq təcrübədə müşahidə olunduğu kimi iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlərdə korrupsiyanın yayılması üçün daha əlverişli şəraitin olması nəzərə alınaraq ölkəmizdə korrupsiya ilə mübarizə ön plana çəkilmiş, bu sahədə kompleks tədbirlər görülmüşdür.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd edilmişdir ki, «Korrupsiyaya qarşı mübarizə haqqında» xüsusi qanunun, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən «Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi barədə» Fərmanın qəbul edilməsi, müvafiq Dövlət Proqramının və Milli Strategiyanın həyata keçirilməsi, korrupsiya ilə mübarizə üzrə mühüm ixtisaslaşmış dövlət qurumlarının yaradılması bu təhlükəli sosial bəla ilə mübarizə üçün hərtərəfli zəmin yaratmışdır.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə dövlət başçımızın tapşırıqlarına əsasən aparılan islahatlar zamanı məhkəmə sistemində korrupsiya ilə mübarizəyə xüsusi əhəmiyyət verilmişdir.

Belə ki, hakimlərin müstəqilliyinin real təmin edilməsi, onların müddətsiz təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi, intizam məsuliyyətinin demokratik xarakteri qanunvericilikdə təsbit olunmuş, hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, şəffaflığının təmin edilməsi üçün məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydası qəbul olunmuşdur.

Məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə təkcə son illər ərzində ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamış, iş yükünün azaldılması məqsədilə hakimlərin və məhkəmə aparatı işçilərinin ştat sayı 2 dəfəyədək artırılmış, yeni qaydalarla, şəffaf və obyektiv prosedurlar əsasında 235 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuşlar.

Kobud qanun pozuntuları və digər neqativ hallara yol verilməsi ilə bağlı hakimlər barədə 128 intizam icraatı, o cümlədən 11 nəfər barədə korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam icraatları başlanılmış, korrupsiya ilə bağlı 7 nəfərin səlahiyyətlərinə xitam verilmiş və ya aşağı işə keçirilmişdir. Ümumiyyətlə isə fəaliyyətlərinin qiymətləndirilməsi və yol verilmiş pozuntulara görə 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılmışdır.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.

İclasda qeyd edilmişdir ki, görülmüş tədbirlərə, o cümlədən kobud qanun pozuntusu və digər nöqsanlara görə hakim korpusunun hər üçündən birinin intizam məsuliyyətinə cəlb edilməsi və ya səlahiyyətlərinə xitam verilməsinə baxmayaraq, korrupsiya, süründürməçilik, vəzifədən sui-istifadə hallarını tam aradan qaldırmaq mümkün olmamışdır.

Təhlillər göstərir ki, bəzi hakimlər tərəflərin bərabərliyi və çəkişmə prinsipinin, müdafiə hüququnun real təmin olunmasına şərait yaratmır, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşaraq vətəndaşlarla kobud rəftara yol verirlər.

Süründürməçilik, o cümlədən məhkəmə proseslərinin təyin edilən vaxtda başlamaması, məhkəmə qərarlarının, habelə apellyasiya şikayətlərinin vaxtında göndərilməməsi, qərarların icraya yönəldilməsində gecikdirmələr, vəsatətlərə lazımi diqqət yetirilməməsi, iddia ərizələrinin bəzi hallarda əsassız qaytarılması, məhkəmə qərarlarının icrasına nəzarətdən hakimlərin özlərini kənarlaşdırması vətəndaşlarda haqlı narazılıq və şikayətlərlə nəticələnir.

Məhkəmə sənədlərinin keyfiyyətsiz, bəzən isə formal tərtibi, qanunvericiliyin tələblərinə zidd olaraq tərəflərlə qeyri-prosessual münasibətlərə yol verilməsi, ədalətli məhkəmə araşdırması hüququnun həyata keçirilməsində pozuntular, vahid məhkəmə təcrübəsinin və cəza siyasətinin formalaşmaması ciddi narahatlıq doğurur.

İclasda məhkəmə fəaliyyətində yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi, yuxarı instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən aşkar edilən korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər neqativ hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi vurğulanmışdır.

Geniş müzakirələr şəraitində keçən iclasda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə Məhkəmə-Hüquq Şurasına daxil olan müraciətlərin təxirəsalmadan dolğun və peşəkar araşdırılmasının təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasında korrupsiya ilə əlaqədar müraciətlərin araşdırılması üzrə ayrıca Sektorun yaradılması qərara alınmış, vətəndaşların qəbulunun daha effektiv həyata keçirilməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir. Yuxarı instansiya məhkəmələrinin, Ədliyyə Nazirliyinin diqqəti hakimlər tərəfindən yol verilən korrupsiya hüquqpozmalarına, o cümlədən insan haqları ilə bağlı qanunvericiliyin və Avropa Konvensiyasının tələblərinin pozulması hallarına cəlb edilmiş, belə pozuntulara qarşı prinsipiallığın artırılması vurğulanmışdır.

Həmçinin, iclasda vahid məhkəmə təcrübəsinin və cəza siyasətinin formalaşması üzrə tədbirlər müzakirə edilmiş, məhkəmələrdə vətəndaşların qəbuluna diqqətin artırılması, bu işin ən səriştəli əməkdaşlara həvalə edilməsinin vacibliyi qeyd edilmiş, hakimlər üçün davamlı tədris kurslarının proqramlarında korrupsiyaya qarşı mübarizə, Hakimlərin Etik Davranış Kodeksinin tələbləri ilə bağlı mövzuların daxil edilməsi tapşırılmışdır.

İclasda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev, Şura üzvləri və məhkəmə sədrləri məhkəmə fəaliyyətində qeyd edilən pozuntulardan ciddi nəticələr çıxarılaraq, icra və əmək intizamına əməl edilməsi, neqativ halların, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmaların, insanların əsassız get-gələ salınmasının qarşısının alınması üzrə qəti tədbirləri vurğulamışlar.

Çap et

04.02.2011
 





© 2005-2010, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Ünvan: Bakı şəhəri, Z. Xəlilov küç., 540-cı məhəllə, AZ1073, Azərbaycan
Telefon: (00994 12) 510-21-62 (Faks)
www.jlc.gov.az